Elnarə Akimova: “Heç bir səfirliyin paylaşımı tarixi faktları dəyişə bilməz”

“İranın Ermənistandakı səfiri unutmamalıdır ki, qonşuluq münasibətlərindən, tarixi və mədəni əlaqələrdən danışırsa, ilk növbədə obyektivlik nümayiş etdirməlidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova İranın Ermənistandakı səfirliyinin İrəvanda yerləşən Göy Məscidi “İran irsinin abidəsi” kimi təqdim etməsinə, səfirin isə daha da irəli gedərək məscidin “erməni-İran abidəsi olduğu və belə qalacağı” barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat səfirin bu qeyri-obyektiv mövqeyini tarixi saxtakarlıq və mehriban qonşuluq prinsiplərinə zidd adlandırıb:

“İrəvandakı Göy Məscidlə bağlı İran səfirliyinin mövqeyi təəssüf doğurur və tarixi həqiqətlərə münasibətdə ciddi suallar yaradır. Tarixi abidələrə münasibət siyasi maraqlara və ya bugünkü geosiyasi reallıqlara uyğun müəyyənləşdirilməməli, heç bir xalqın mədəni irsi digərinin adına yazılmamalıdır.

Göy Məscid XVIII əsrdə – 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib. Bu fakt onun Azərbaycan dövlətçilik tarixinin mühüm səhifəsi olan İrəvan xanlığının siyasi və mədəni mühiti ilə birbaşa bağlılığını göstərir. Deməli, bu abidəni Azərbaycan xalqının tarixi-mədəni kontekstindən ayırmaq mümkün deyil.

Burada bir mühüm məqamı fərqləndirmək lazımdır: İran memarlıq ənənələrinin məscidin formalaşmasında iştirakını qəbul etmək başqa, abidənin tarixi mənsubiyyətini yalnız İranla əlaqələndirmək isə tamam başqa məsələdir. Memarlıq üslubu ilə tarixi mənsubiyyət eyni anlayışlar deyil. Bir abidədə müxtəlif mədəni təsirlər ola bilər, lakin bu, onun sifarişçisini və aid olduğu siyasi-mədəni mühiti arxa plana keçirməyə əsas vermir. Səfirin Göy Məscidi “erməni-İran abidəsi” kimi təqdim etməsi və Azərbaycan amilini görməzdən gəlməsi tarixi mənzərənin tamamilə birtərəfli təqdimatıdır”.

Elnarə Akimova əlavə edib ki, səfir iki ölkə arasındakı qonşuluq münasibətlərinə xələl gətirməkdən və Azərbaycanın mədəni irsini saxtalaşdırmaqdan çəkinməlidir:

“Mədəni irs siyasi bəyanatlarla bölüşdürülən mülkiyyət deyil və heç bir səfirliyin paylaşımı tarixi faktları dəyişə bilməz. Biz heç kimin mədəniyyətinə iddia etmirik, amma öz irsimizin də başqalarının siyasi və ideoloji maraqlarına uyğun təqdim olunmasına razı ola bilmərik.

Göy Məscid İrəvanın çoxqatlı tarixinin bir parçası olsa da, onun Azərbaycan xanı tərəfindən inşa etdirilməsi danılmaz faktdır. Tarixə hörmət onun ayrı-ayrı hissələrini mənimsəməkdən deyil, bütün faktları dürüst şəkildə qəbul etməkdən başlayır”.