İsraildə hərbi obyektlərin fotolarını İran tərəfinə ötürən şəxs SAXLANILDI

İsrail təhlükəsizlik qüvvələri İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən ölkə vətəndaşını saxlayıb.

TASS-a istinadən, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, İranın casusluq fəaliyyətinə qarşı mübarizə çərçivəsində İsrail vətəndaşı Vissam Qalib Saleh Avad xarici agentlə əlaqə saxlamaqda və dövlət təhlükəsizliyinə zərər vuran tapşırıqları yerinə yetirməkdə şübhəli bilinərək həbs edilib.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisinin birgə əməliyyatı zamanı ölkənin şimalında yaşayan şəxs İran kəşfiyyat qurumları üçün fotoşəkillər çəkərkən saxlanılıb.

Polisin məlumatına görə, ötən ay başlayan istintaq zamanı şübhəlinin öz təşəbbüsü ilə "Telegram" vasitəsilə İran nümayəndələri ilə əlaqə saxladığı müəyyən edilib. O, ideoloji səbəblərdən və heç bir maddi qarşılıq gözləmədən onlara xidmətlərini təklif edib.

Bildirilib ki, şübhəli fəaliyyəti çərçivəsində strateji obyektlərin, hərbi bazaların və polis bölmələrinin fotoşəkillərini çəkib. Həmçinin sənədləri və istiqamətləri göstərən məlumatları sonradan istifadə edilməsi üçün əlaqə saxladığı şəxslərə ötürüb.

Qurumun açıqlamasında qeyd olunub ki, şübhəlinin həbs müddəti bir neçə dəfə uzadılıb. İstintaq başa çatdıqdan və kifayət qədər sübut toplandıqdan sonra, noyabrın 15-də prokurorluq ona rəsmi ittiham irəli sürəcək. Həmçinin məhkəmə prosesi başa çatanadək onun həbsdə saxlanılması müddətinin uzadılması tələb ediləcək.