Gec yatıb-duranlar narahatlıq və depressiya riski ilə üzləşə bilər

Finlandiyada aparılan araşdırma gec yatıb oyanan insanların narahatlıq və depressiya əlamətləri ilə daha çox qarşılaşdığını üzə çıxarıb.

"Sleep Health" jurnalında dərc olunan tədqiqatda 2 266 nəfər iştirak edib. Onlar yuxu rejiminə görə "torağaylar", "bayquşlar" və aralıq xronotipli şəxslər olmaqla qruplaşdırılıblar.

Nəticələrə görə, xüsusilə axşam saatlarında aktiv olan insanlar işdən sonra daha çətin bərpa olunur, iş və şəxsi həyat arasında balansı qorumaqda çətinlik çəkirlər. Alimlər müəyyən ediblər ki, kifayət qədər istirahət etməmək və işin şəxsi həyata təsiri bu şəxslərdə narahatlıq əlamətlərinin artması ilə əlaqəli ola bilər.

Tədqiqat müəllifləri axşam xronotipinə malik insanların işdən sonra istirahətə daha çox vaxt ayırmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, tam bərpa üçün əlverişli şəraitin yaradılması psixoloji sağlamlığın qorunmasına və gündəlik stressin azaldılmasına kömək edə bilər.