Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun genişləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional proseslərdə artan rolunun nümayişi baxımından diqqət çəkib. Tədbir çərçivəsində Prezident İlham Əliyevin bir sıra Avropa liderləri ilə keçirdiyi görüşlər, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanla təması Azərbaycanın xarici siyasət gündəliyi, Avropa ilə əməkdaşlıq perspektivləri və Cənubi Qafqazda sülh prosesi baxımından mühüm müzakirə mövzusuna çevrilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında Zirvə toplantısının Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və Avropa dövlətləri ilə münasibətlərin inkişafı baxımından əhəmiyyətini şərh edib.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisi, Prezident İlham Əliyevin şəxsi nüfuzu və ölkəmizin strateji əhəmiyyəti Avropa dövlətlərinin Bakı ilə əməkdaşlığa marağını daha da artırır:
“Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın mühüm siyasi və iqtisadi aktoru deyil, beynəlxalq təhlükəsizlik, enerji təchizatı, nəqliyyat-kommunikasiya əlaqələri və regional sabitlik məsələlərində etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin əlverişli geostrateji mövqeyi, zəngin enerji potensialı və həyata keçirdiyi beynəlxalq layihələr Avropa dövlətləri üçün Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyətli istiqamətə çevirib. Prezident İlham Əliyevin apardığı müstəqil və praqmatik xarici siyasət isə Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə güclənməsini təmin edir”.
Fotoda: millət vəkili Arzu Nağıyev
Arzu Nağıyevin sözlərinə görə, Dublində keçirilən görüşlərin mühüm siyasi məqamlarından biri Avropa liderlərinin Azərbaycan Prezidenti ilə birbaşa dialoqa göstərdikləri maraqdır:
“Bir sıra Avropa liderlərinin Prezident İlham Əliyevlə ikitərəfli görüşlərin keçirilməsinə təşəbbüs göstərməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin, ölkəmizin siyasi çəkisinin və Bakının regional, eləcə də qlobal məsələlərdə tutduğu mövqeyə verilən əhəmiyyətin göstəricisidir. Artıq Azərbaycan beynəlxalq proseslərin sadəcə iştirakçısı deyil, mühüm qərarların müzakirəsində mövqeyi nəzərə alınan müstəqil siyasi aktordur. Bu gün Azərbaycanla sadəcə hesablaşmırlar, onunla konkret məsələlər ətrafında dialoq aparmağa və uzunmüddətli tərəfdaşlıq qurmağa çalışırlar”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Böyük Britaniya, Litva, Rumıniya, Çexiya, Yunanıstan, Bolqarıstan və Moldova rəhbərləri, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşləri Azərbaycanın Avropa məkanında genişlənən siyasi əlaqələrinin göstəricisi kimi qiymətləndirilə bilər.
Onun fikrincə, Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq siyasi dialoqla yanaşı, enerji təhlükəsizliyi, investisiyalar və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
Arzu Nağıyev Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün də regional təhlükəsizlik baxımından əhəmiyyətini qeyd edib:
“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Ermənistanla münasibətlərin normallaşdırılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan beynəlxalq platformalarda keçirilən təmaslar sülh gündəliyinin irəlilədilməsi üçün əlavə diplomatik imkanlar yaradır. Azərbaycanın mövqeyi aydındır: regionda davamlı təhlükəsizlik dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır”.
Deputat əlavə edib ki, Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa artan marağı yalnız enerji amili ilə məhdudlaşmır. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının genişləndirilməsi, logistika imkanlarının artırılması ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə əhəmiyyətini daha da yüksəldir:
“Bütün bunlar göstərir ki, Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də nəqliyyat, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik baxımından strateji tərəfdaşdır. Dublində keçirilən görüşlər bu reallığı bir daha nümayiş etdirir. Hesab edirəm ki, Zirvə toplantısının əsas siyasi nəticələrindən biri Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və Avropa dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yaranmasıdır. Bu, Prezident İlham Əliyevin milli maraqlara, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və praqmatizmə əsaslanan ardıcıl xarici siyasətinin məntiqi nəticəsidir”, - deyə Arzu Nağıyev fikirlərini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.