Büdcə üçün risk: Hesablama Palatası açıqladı

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb.

Oxu.Az-a istinadən, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə əksini tapıb.

Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayında DVX xətti ilə artıqödəmələrin məbləği ilin əvvəli ilə müqayisədə 339.9 milyon manat artaraq 2 milyard 740,6 milyon manata çatıb.

Palata hesab edir ki, artıqödəmələrin artması gələcək dövrlərdə dövlət büdcəsinə vergi daxilolmaları baxımından risk yarada bilər.

Vergi ödəyiciləri gələcək öhdəliklərini əvvəlcədən köçürdükləri vəsait hesabına ödəyə biləcəklər. Bu isə hesablanmış vergi məbləğləri ilə dövlət büdcəsinə faktiki daxil olan vəsaitlər arasında fərqin yaranması ilə nəticələnə bilər.