“Rusiya Zəngəzur yolunun açılmasına qarşı çıxmaqla ciddi strateji səhvə yol verə bilər...”

“Onun formalaşdıracağı nəqliyyat bağlantıları Avropa, Yaxın Şərq və daha geniş mənada Afrika istiqamətində yeni logistika imkanları yarada bilər...”

Ermənistan parlamenti noyabrın 12-də Zəngəzur yolu (“TRIPP” – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan şirkətin yaradılmasına hüquqi zəmin formalaşdıran qanunvericilik dəyişikliklərini ikinci oxunuşda qəbul edib. Növbəti gün – noyabrın 13-də isə ABŞ və Ermənistan arasında fəaliyyət göstərən işçi qrupunun iclası keçirilib. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, videokonfrans formatında baş tutan görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

Tərəflər, xüsusilə, “TRIPP” layihəsinin həyata keçirilməsi, onun reallaşdırılması üçün nəzərdə tutulan mexanizmlər, eləcə də ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiyanın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Əldə olunmuş razılaşmaya əsasən, Zəngəzur yolu ilə bağlı layihəni həyata keçirəcək şirkətdə ABŞ tərəfinin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz təşkil edəcək. Bu mülkiyyət bölgüsünün ilkin 49 illik dövr üçün nəzərdə tutulduğu bildirilir. Layihənin reallaşdırılması və nəqliyyat əlaqələrinin 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, Zəngəzur marşrutunun həyata keçirilməsi istiqamətində siyasi və hüquqi müstəvidə konkret addımlar atılır. Bununla belə, regionda davam edən geo-siyasi rəqabət, xüsusilə Rusiya və İranın layihəyə münasibəti onun icra prosesinin perspektivləri ilə bağlı müəyyən suallar yaradır. Bəs mövcud geo-siyasi şəraitdə “TRIPP” layihəsi nəzərdə tutulan müddətdə reallaşa biləcəkmi? Moskva və Tehranın mümkün müqaviməti layihənin icrasına mane ola bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Zəngəzur- “Tramp yolu” artıq yalnız Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan regional təşəbbüs deyil, beynəlxalq geo-siyasi və iqtisadi əhəmiyyət daşıyan genişmiqyaslı layihədir.

Politoloqun sözlərinə görə, layihə həm böyük dövlətlərin strateji maraqları, həm də Avrasiya məkanında formalaşan yeni logistika marşrutları baxımından mühüm əhəmiyyət kəsb edir:

“”TRIPP” layihəsinin əhəmiyyəti onun coğrafi və iqtisadi imkanlarının genişliyi ilə bağlıdır. Bu marşrut, ilk növbədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına, eyni zamanda Türkiyə ilə kommunikasiyaların genişlənməsinə xidmət edir. Lakin layihənin strateji əhəmiyyəti bununla məhdudlaşmır. Onun formalaşdıracağı nəqliyyat bağlantıları Avropa, Yaxın Şərq və daha geniş mənada Afrika istiqamətində yeni logistika imkanları yarada bilər.

Bu baxımdan hesab edirəm ki, Zəngəzur marşrutunun açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyənin deyil, digər regional və beynəlxalq aktorların da iqtisadi maraqlarına uyğun ola bilər. O cümlədən Rusiya bu imkanlardan yararlanmaq perspektivini nəzərə almalıdır.

Məsələ ondadır ki, Moskva 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarına əsaslanaraq, bölgədəki nəqliyyat kommunikasiyalarının açılması prosesində özünün də əsas rol oynamasına çalışırdı. Həmin sənəddə kommunikasiyalara nəzarət məsələsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin iştirakına dair müddəa da yer almışdı. Ancaq sonrakı siyasi proseslər göstərdi ki, Ermənistan bu məsələdə öz suverenliyini və nəzarət hüququnu qorumaqda israrlıdır.

Məhz bu mövqe Moskvanın planlaşdırdığı mexanizmin reallaşmasını çətinləşdirdi. Əvvəlki Ermənistan hakimiyyətləri dövründə Rusiyanın bölgədəki təsir imkanlarının daha geniş olduğunu nəzərə alsaq, fərqli siyasi qərarların qəbul edilməsi ehtimalını da istisna etmək olmaz. Lakin Nikol Paşinyan hökuməti Moskvanın təklif etdiyi yanaşma ilə razılaşmadı. Rusiya həm nəqliyyat marşrutları üzərində əvvəlki təsir imkanlarını qoruyub saxlaya bilmədi, həm də Ermənistanın siyasi kursunu öz istədiyi istiqamətə dəyişməkdə çətinliklərlə üzləşdi.

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra isə regionda yeni siyasi reallıq formalaşdı. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə yanaşı, ABŞ və Ermənistan arasında “TRIPP” layihəsinin həyata keçirilməsinə dair razılaşmanın əldə olunması bu prosesin mühüm mərhələsi oldu. Beləliklə, Zəngəzur marşrutunun açılması məsələsi artıq yalnız regional danışıqların predmeti deyil, ABŞ-ın da birbaşa iştirak etdiyi beynəlxalq layihə statusu qazandı.

Azərbaycan və Türkiyənin də bu marşrutun açılmasında maraqlı olması layihənin geo-siyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan Rusiya mövcud reallıqları nəzərə almalı və layihəyə yalnız siyasi rəqabət prizmasından yanaşmamalıdır. Əks halda, Moskva özünün də istifadə edə biləcəyi mühüm nəqliyyat imkanlarından kənarda qala bilər.

İranın narahatlığına gəldikdə isə, Tehranın ABŞ şirkətinin regionda, xüsusilə İran sərhədlərinə yaxın ərazidə iqtisadi və infrastruktur mövqeləri əldə etməsinə ehtiyatla yanaşması başadüşüləndir. Lakin İranın siyasi etirazlarının layihənin qarşısını alacağı qənaətində deyiləm. Çünki artıq bu təşəbbüsün arxasında ABŞ-ın siyasi və iqtisadi maraqları dayanır, üstəlik, layihə regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, müəyyən siyasi maneələr yaransa belə, “TRIPP”-in reallaşdırılması istiqamətində proses davam edəcək.

Rusiya isə bu məsələdə xüsusilə praqmatik mövqe nümayiş etdirməlidir. Əgər Moskva Zəngəzur marşrutunun açılmasına qarşı çıxarsa, bu, onun özü üçün ciddi strateji səhv olar. Çünki mövcud geosiyasi vəziyyət Rusiyanın Avropa istiqamətində nəqliyyat və iqtisadi əlaqələrini xeyli məhdudlaşdırıb. Yaxın Şərqə çıxış imkanları da əvvəlki qədər rahat və əlverişli deyil. Belə bir şəraitdə Türkiyə üzərindən Avropa, Yaxın Şərq və digər istiqamətlərə çıxış əldə etmək Rusiya üçün əlavə iqtisadi və logistika imkanları yarada bilər.

Digər tərəfdən, Moskvanın maraq göstərdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı da regional kommunikasiyaların genişləndirilməsini zəruri edir. Bu layihə çərçivəsində İran vasitəsilə Hind okeanı istiqamətində əlaqələrin qurulması ilə yanaşı, qərb istiqamətində Türkiyəyə və Aralıq dənizi hövzəsinə çıxış imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Ona görə də hesab edirəm ki, Kreml Zəngəzur marşrutunun açılmasını özünə qarşı yönəlmiş geo-siyasi addım kimi deyil, gələcəkdə istifadə edə biləcəyi əlavə nəqliyyat və tranzit imkanı kimi qiymətləndirməlidir. Bu marşrutun həm avtomobil, həm də dəmir yolu infrastrukturu ilə fəaliyyətə başlaması Rusiyanın regional logistika imkanlarına da müsbət təsir göstərə bilər.

Nəzərə almaq lazımdır ki, müasir dünyada nəqliyyat-logistika infrastrukturu dövlətlərin iqtisadi və geosiyasi gücünü müəyyən edən əsas amillərdən birinə çevrilib. Buna görə də Rusiya Zəngəzur marşrutunun açılmasına mane olmaq əvəzinə, yaranan yeni reallıqdan iqtisadi və strateji baxımdan faydalanmağa çalışmalıdır”.