Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Villa Badam” yaşayış kompleksi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.
Yaşayış kompleksi ilə əlaqəli “Yüksək Keyfiyyət” MMC-nin qanuni təmsilçisi Hacıyeva Yelena Vladimirovnadır.
Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, A41 ünvanı kimi göstərilib. “Yüksək Keyfiyyət” MMC-nin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 478,51 manat vergi borcu var.
Diqqətçəkən digər məqam isə “F.İ.P” MMC ilə bağlıdır. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, mənzil 90-dır. Reyestr məlumatlarında Əkbərov Ağakərim Elman oğlu şirkətin əvvəlki qanuni təmsilçisi kimi göstərilib.
“F.İ.P” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 434 min 980,29 manat vergi borcu var.
Beləliklə, hər iki şirkətin ümumilikdə 2 milyon 437 min 458,80 manat vergi borcu qeydə alınıb.
Qeyd edək ki, “Villa Badam” yaşayış kompleksi ilə bağlı daha əvvəl də məhkəmə mübahisəsi gündəmə gəlib. İskəndərova Ofelya Sayılxan qızı 240 min manat ödəyərək aldığı fərdi yaşayış evinin adına rəsmiləşdirilmədiyini əsas gətirərək “F.İ.P” MMC və Əkbərov Fərid Fikrət oğluna qarşı məhkəməyə müraciət edib. Məhkəmə müvəqqəti təminat tədbiri kimi “F.İ.P” MMC-yə məxsus 7 mənzilli binanın və Saray qəsəbəsindəki 0,2870 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsini qadağan edib.