Son bir neçə saat ərzində Hörmüz boğazında azı 4 neft tankeri minaya düşərək partladıqdan sonra alışıb.
Bu barədə "Al Jazeera" İran Hərbi Dəniz Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
İran hərbçiləri gəmilərin adlarını və hansı ölkəyə aid olduğunu açıqlamayıb. SEPAH-ın iddiasına görə, boğazın cənub hissəsində zərər çəkmiş gəmilər arasında supertanker də olub.
ABŞ və İsrailin İrana endirdiyi birgə zərbələrin ardınca müharibə başladıqdan sonra Tehran gəmilərdən boğazdan keçmək üçün icazə almalarını tələb edir.
Bu həftənin əvvəlində İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf "Al Jazeera"ya bildirib ki, Hörmüz boğazı müharibədən əvvəlki gəmiçilik qaydasına qayıtmayacaq və yalnız ABŞ Tehranın tələblərini qəbul etdikdən sonra açılacaq.
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.
IRIB-yə istinadən, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
"Bu gün səhər saatlarında əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və identifikasiya sistemlərini söndürən, Hörmüz boğazının şərqindəki təhlükəli və qadağan olunmuş ərazidə hərəkət edən neft tankeri dəniz minasına çırpılıb", - HDQ-dən bildirilib.
Qeyd olunub ki, nəticədə tankerdə yanğın baş verib və gəmi hərəkətsiz qalıb. SEPAH-ın bəyanatında bildirilib ki, Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən və qayda pozan neft tankerləri dəniz minalarına çırpılaraq yanğınla üzləşəcək.
Xatırladaq ki, gecə saatlarında boğazın cənubunda iki neft tankeri minaya düşüb.