Amerikada 15 mindən çox avia-reysin pozulmasının gözlənilməz səbəbini bu şəxs açıqladı...

"ABŞ-ın nəqliyyat naziri Şon Daffi ölkənin hava hərəkətinə nəzarət sisteminin texniki vəziyyətini kəskin tənqid edib. Onun “hava hərəkətinə nəzarət avadanlıqları həqiqətən də utancvericidir” fikri ABŞ-da baş vermiş kütləvi aviareys məhdudiyyətləri fonunda səsləndirilən qiymətləndirmə kimi təqdim olunur..."

ABŞ Prezidenti Donald Tramp ölkə üzrə aviareyslərin dayandırılmasına səbəb olan texniki problemin köhnəlmiş avadanlıqlarla bağlı ola biləcəyini bildirib.

"Korrespondent" nəşrinə istinadla, bu barədə “Fox News” telekanalının müxbiri Piter Dusi məlumat açıqlayıb.

Jurnalistin sözlərinə görə, o, Donald Trampla telefonla danışıb. Söhbət zamanı ABŞ lideri hadisənin kiberhücum və ya süni intellektlə əlaqəli olmadığını düşündüyünü, problemin Federal Aviasiya Administrasiyasının (FAA) istifadə etdiyi köhnə avadanlıqlardan qaynaqlana biləcəyini deyib.

Trampın sözlərinə görə, aviasiya təhlükəsizliyinin təmin olunmasında istifadə edilən bəzi texniki sistemlərin yaşı təxminən 55 ildir. Buna baxmayaraq, həmin avadanlıqlar hələ də istismar olunur.

ABŞ prezidenti bu sistemlərin yenilənməsi məsələsinin Konqreslə müzakirə edildiyini, lakin onların dəyişdirilməsinin indiyədək reallaşmadığını vurğulayıb.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi ölkənin hava hərəkətinə nəzarət sisteminin texniki vəziyyətini kəskin tənqid edib. Onun “hava hərəkətinə nəzarət avadanlıqları həqiqətən də utancvericidir” fikri ABŞ-da baş vermiş kütləvi aviareys məhdudiyyətləri fonunda səsləndirilən qiymətləndirmə kimi təqdim olunur.

Məsələnin ciddiliyini ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin (GAO) 14 sentyabr 2026-cı il tarixli hesabatı da təsdiqləyir: FAA-nın 138 hava hərəkətinə nəzarət sistemindən 51-i istismara yararsız vəziyyətə yaxın, daha 54-ü isə potensial olaraq dayanıqsız hesab olunur.

Bundan əlavə, Daffi noyabrın 5-də köhnə texnologiyaların yenilənməsi istiqamətində görülən işlərdən danışarkən, 1980-ci illərdən qalan sistemlərin və disketlərdən istifadənin mərhələli şəkildə dayandırıldığını açıqlamışdı. Yenilənmənin 2028-ci ilin sonunadək 435 FAA obyektində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, noyabrın 13-də ABŞ-da aviadispetçerlərin hava hərəkətini idarəetmə sistemində yaranan rabitə problemi səbəbindən ölkə üzrə hava limanlarından təyyarələrin uçuşları müvəqqəti dayandırılıb. FAA qərarı fövqəladə vəziyyət və uçuş təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əsaslandırıb.

Moderator.az müəyyən edib ki, yaranan nasazlıq nəticəsində 6 600-dən çox uçuş ləğv edilib, 8 600-dən çox reys isə gecikib. Beləliklə, ümumilikdə təxminən 15 200 uçuş pozulub. Bu rəqəmləri "Reuters" "FlightRadar24" saytının məlumatlarına istinadla yayıb.

Hadisənin dəqiq texniki səbəbi ilə bağlı araşdırmalar davam edir.

S.Laçın