Azərbaycanda 100 milyon manatlıq əsassız xərclərin qarşısı alınıb

Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidməti 2026-cı ilin yanvar-sentyabr aylarında həyata keçirilən nəzarət tədbirləri nəticəsində 106,9 milyon manat vəsaitin bərpasını təmin edib, həmçinin 100,9 milyon manat məbləğində xərclərin qarşısını alıb.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə 84 təşkilat üzrə nəzarət tədbirləri başa çatdırılıb.

Onlardan 52-si hüquq-mühafizə orqanlarından daxil olan qərarlar əsasında, 32-si isə planlı yoxlamalar çərçivəsində yoxlanılıb.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələrinin səmərəliliyinin artırılması üzrə Tədbirlər Planının icrası çərçivəsində dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizası aparılır.

Ekspertizanın məqsədi layihələrin yüksək səmərəliliyinin və icra intizamına riayət olunmasının təmin edilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə, layihələrin həcmlərinin optimallaşdırılması və qabaqlayıcı nəzarətin gücləndirilməsidir.

Ümumilikdə, maliyyə ekspertizasına 91 layihə cəlb olunub. Onlardan 59-u üzrə ekspertiza başa çatıb, 32 layihənin icrası isə davam edir. Ekspertizası tamamlanmış 59 layihənin ümumi dəyəri 1 milyard 38 milyon manat təşkil edir.

Maliyyə ekspertizası çərçivəsində malların, materialların və avadanlıqların qiymətləri, eləcə də işçi qüvvəsi, maşın və mexanizmlərlə bağlı xərclər yoxlanılır. Xüsusilə, smeta sənədlərində nəzərdə tutulan xərclərlə qüvvədə olan normativlər və bazar qiymətləri arasındakı uyğunsuzluqlar müəyyən edilir.