Bakıda məşhur supermarketlərin birindən oğurluq edilib.
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə qeydə alınıb.
İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi olan 16 yaşlı Şakir Nəcəfov (şərti adla) marketin ikinci mərtəbəsində yerləşən müdirin otağına daxil olub. Sonra isə həmin otağın küncündəki qapıdan seyfin saxlanıldığı hissəyə keçib. Müdirin otağındakı şkafdan açarı götürərək, seyfdən ümumilikdə 1492 manat pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qulaqları tam eşitmə məhdudiyyətli olan təqsirləndirilən 16 yaşlı Şakir Nəcəfov ifadəsində bildirib ki, körpə vaxtlarından valideynləri onu və kiçik bacısını atdığı üçün nənələrinin himayəsində böyüyüblər. Onun sözlərinə görə, Binə qəsəbəsinə yaşadığı Binəqədi qəsəbəsindən gəlib. Şakir bildirib ki, supermarketin otaqları və seyfin yeri barədə əvvəldən məlumatı olmayıb, həmçinin bu işdə kimsə ona köməklik etməyib. O bildirib ki, oğurladığı pulun 5 manatına özünə dönər alıb. Qalan pulları isə hara xərcləyini unudub.
Zərərçəkmiş MMC-nin nümayəndəsi bildirib ki, dəyən ziyandan 62 manat ödənilib. Həmin şəxs Şakirin fiziki məhdudiyyətli və ailə vəziyyətini nəzərə alaraq, şikayətçi olmadığını deyib.
Məhkəmə şəxsin fiziki məhdudiyyətli olmasını, ailə vəziyyətini, zərərçəkənin şikayətçi olmamasını, həmçinin təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini yüngülləşdirici hallar kimi nəzərə alıb.
Yekun qərara əsasən, Ş. Nəcəfov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.