Bu gündən etibarən məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Qiymətləndirmənin nəticələrinin onların əməkhaqqına təsiri, hansı müəllimlərin maaşında artım olacağı və sertifikatlaşdırmadan uğurla keçə bilməyənləri hansı dəyişikliklərin gözlədiyi maraq doğurur.
Bəs qiymətləndirmə zamanı hansı göstəricilər əsas götürüləcək? Sertifikasiya nəticələrinə əsasən müəllimlərin maaşında artım necə olmalıdır?
Məsələ ilə bağlı News24.az-a danışan təhsil üzrə ekspert Əmrah Həsənli bildirib ki, sertifikatlaşdırma prosesinin başlanması təhsil sistemimiz üçün çox vacib və gec-tez atılmalı olan bir addım idi:
“Maaş artımına gəlincə, məktəbəqədər və ümumi təhsil sahəsində çalışan dövlət müəllimlərinin əməkhaqlarının artırılması ilə bağlı hələlik konkret rəqəm və ya mexanizm açıqlanmayıb. Lakin mövcud təcrübə və məntiq bu prosesin maaş artımına da təsir göstərəcəyini deməyə əsas verir.
Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma nəticələrinə uyğun olaraq əməkhaqlarına artıq əlavələr edilib. Bu yanaşmanın bağça müəllimlərinə də tətbiq olunması həm ədalətli, həm də motivasiya baxımından düzgün olardı.
Fikrimcə, sertifikatlaşdırma sadəcə yoxlama prosesi olmamalıdır. Müəllim özünü inkişaf etdirir, yüksək nəticə göstərir, lakin bunun maddi qarşılığını görmürsə, təbii ki, sistemə inamı azala bilər. Buna görə də prosesin sonunda nəticələrə əsaslanan, şəffaf və aydın ödəniş mexanizmi mütləq şəkildə tətbiq edilməlidir.
Eyni zamanda, bağça müəllimlərinin peşəkar hazırlığına, metodiki dəstəyə və təlimlərə daha çox diqqət ayrılmalıdır”.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə qeyd edib ki, bağça müəllimlərinin sertifikatlaşdırılması vacib prosesdir: “Çünki indiyədək bağçalar yerli icra hakimiyyətlərinin tabeliyində idi. Artıq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bağçalarda çalışan pedaqoji heyətin müəyyən hissəsinin məktəbəqədər təhsil və məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə təhsili yoxdur. Halbuki Nazirlər Kabinetinin qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrində müəllim vəzifəsini yerinə yetirən şəxslər müvafiq ixtisas üzrə orta ixtisas və ya ali təhsilə malik olmalıdırlar.
Sertifikatlaşdırmanın keçirilməsi də bu baxımdan müsbət addımdır. Proses vasitəsilə ixtisası uyğun olmayan şəxslərin fəaliyyəti ilə bağlı müvafiq qərarlar verilə, yüksək nəticə göstərən və keyfiyyətli təhsil verən müəllimlərin isə fəaliyyətlərini davam etdirmələri təmin oluna bilər”.
Ekspertin sözlərinə görə, yüksək nəticə göstərən müəllimlər üçün əməkhaqlarına müvafiq əlavələrin edilməsi də nəzərdə tutulur: “Bu, həm həvəsləndirici, həm də motivasiyaedici xarakter daşıyır. Eyni zamanda, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan yaradır.
Ona görə də düşünürəm ki, bu prosesdə, ilk növbədə, ixtisaslı mütəxəssislərin çalışmasına və yüksək nəticələrin əldə olunmasına diqqət yetirilməlidir. Digər tərəfdən, məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan şəxslərə də bu sahədə fəaliyyətlərini davam etdirmək üçün imkan yaradılmalıdır”.