Azərbaycan Respublikasının qlobal enerji təhlükəsizliyinə töhfəsi gələcəkdə daha da artacaq.
Bunu Trend-ə ABŞ-nin Avropa geosiyasəti və Trans-Atlantik təhlükəsizlik sahəsi üzrə eksperti Piter Teys deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük vətənpərvərlik, cəsarət və dürüstlük nümayiş etdirən ölkə kimi beynəlxalq müstəvidə mövqelərini gücləndirib.
"Bu keyfiyyətlər və qabaqcıl xarici siyasət sayəsində Azərbaycan 2026-cı il noyabrın 12-də İrlandiyada keçirilən Avropa Siyasi Birliyinin Sammitində iştirak edən ölkələr arasında xüsusi diqqət çəkib. Uzaqgörən və düşünülmüş enerji siyasəti Azərbaycana ölkə hüdudlarından kənarda investisiyalar yatırmaq imkanı yaradıb - deyə o əlavə edib.
P.Teys vurğulayıb ki, otuz il əvvəl investorlar Bakıya gəlirdilər. Bu gün isə Heydər Əliyevin qurduğu dövlət öz investisiya portfeli ilə xarici ölkələrə üz tutur.
"Hazırda Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada investisiyalar həyata keçirir. Bu coğrafiya gələcəkdə daha da genişlənəcək", - deyə o əlavə edib.
Ekspert həmçinin bildirib ki, Beynəlxalq Suveren Fondlar Forumunun (IFSWF) üzvlərinin Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) Forumun 2028-ci ildə Bakıda keçiriləcək 20-ci illik toplantısına ev sahibliyi etmək üçün seçməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin mühüm nailiyyətidir.
"Bu qərar Azərbaycanın azad edilmiş Qarabağ ərazilərində həyata keçirdiyi inkişafın, eləcə də ekoloji cəhətdən təmiz və ağıllı şəhərsalma modelinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından əhəmiyyətlidir", - deyə o qeyd edib.
Xatırladaq ki, Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin (ASB) IX sammiti keçirilib.
Avropa Siyasi Birliyinin gündəliyində Cənubi Qafqazda sülh prosesi də mühüm yer tutur. Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyiş və Cənubi Qafqazda daha sabit vəziyyətin təmin edilməsi görüş iştirakçıları üçün digər mühüm məsələlərdəndir.
Sammit Azərbaycan üçün xüsusi siyasi əhəmiyyət də daşıyır. Belə ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammiti Azərbaycanda keçiriləcək.