Bakı, 13 noyabr, AZƏRTAC İtaliya mətbəxinin təbliği dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklərimizin iqtisadi təşviqat fəaliyyətinin mühüm istiqamətlərindən biridir.Bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko deyib.Səfir bildirib ki, bu il İtaliya Mətbəxi Həftəsi səfirliyin və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə 11-ci dəfə keçirilir. Ötən il İtaliya mətbəxinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınmasından sonra ilk dəfə təşkil olunan builki tədbir xüsusi əhəmiyyət daşıyır.Onun sözlərinə görə, tədbirdə iştirak etmək üçün üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının aşpazı Bobo Çerea artıq ikinci ildir Bakıya gəlir.İtaliya və Azərbaycan mətbəxləri arasındakı oxşarlıqlardan danışan diplomat qeyd edib ki, fərqlərlə yanaşı, ortaq cəhətlər də az deyil. Azərbaycan mətbəxində istifadə olunan bir çox ərzaq və məhsula İtaliya mətbəxində də rast gəlmək mümkündür. Bu, qismən iki ölkənin coğrafi mövqeyi və bəzi bölgələrdə oxşar kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlıdır.“Digər mühüm oxşarlıq milli mətbəxə yanaşmadadır. Hər iki ölkənin mətbəxi ənənələrə, bölgələrin özünəməxsus xüsusiyyətlərinə və yerli kulinariya dəyərlərinin qorunmasına əsaslanır. Bu xüsusiyyətləri üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının fəaliyyətində də görmək mümkündür”, – deyə səfir vurğulayıb.Azərbaycan mətbəxindən danışan diplomat bir çox yeməyin dadına baxdığını və onları bəyəndiyini bildirib. O, xüsusilə dolmanı və təndir çörəyini qeyd edib: “İçərişəhərdə səhər tezdən təndir çörəyi bişirilən bir məkan var. Ora tez-tez baş çəkməyi sevirik”.Səfir əlavə edib ki, Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə ənənəsinin 2024-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi iki ölkə arasında daha bir mədəni əlaqə nöqtəsidir.Azərbaycan və İtaliya arasında gələcəkdə birgə qastronomiya layihələrinin, festivalların və kulinariya mübadiləsi proqramlarının təşkili imkanlarından danışan diplomat ortaq ənənələrlə yanaşı, İtaliya-Azərbaycan Universitetinin də əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib. Müxbir – Günel Alıyeva