Bu sahələr sürətlə böyüyür - Ekspert səbəbləri AÇIQLADI

Son illər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində inkişaf müşahidə olunsa da, bəzi sektorlar artım tempinə görə digərlərini qabaqlayır. Xüsusilə nəqliyyat və informasiya kommunikasiya texnologiyaları (İKT) sahələri sürətli inkişafı ilə diqqət çəkir. Bu sahələrdə illik iqtisadi artımın təxminən 8-10 faiz təşkil etməsi onların ölkə iqtisadiyyatındakı rolunun getdikcə gücləndiyini göstərir. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar, rəqəmsallaşma prosesinin sürətlənməsi və müasir texnologiyalara tələbatın artması bu inkişafı şərtləndirən amillər sırasında göstərilir. Bununla belə, sözügedən sahələrdə artım tempinin digər sektorlarla müqayisədə daha yüksək olması bir sıra suallar doğurur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, sözügedəb sahələrdə sürətli artımın əsas səbəbi bu istiqamətlərə tələbatın ildən-ilə yüksəlməsidir:

“Nəqliyyat və informasiya kommunikasiya texnologiyaları sahələrində sürətli artımın əsas səbəbi bu istiqamətlərə tələbatın ildən-ilə yüksəlməsidir. Son illər Azərbaycanda tranzit daşımalarının genişlənməsi və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin güclənməsi sektorun inkişafını sürətləndirir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyinin güclənməsi, liman, dəmir yolu və avtomobil yolları infrastrukturuna investisiyaların artırılması nəqliyyat sektorunun böyüməsinə şərait yaradır. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların artması bu sahənin iqtisadi əhəmiyyətini yüksəldir”.

Ekspert qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları sektorunda müşahidə olunan artım da bir sıra mühüm amillərlə bağlıdır:

“İnformasiya-kommunikasiya texnologiyaları sektorunda müşahidə olunan artım da bir sıra mühüm amillərlə bağlıdır. Bu sahədə inkişaf rəqəmsallaşma, internet xidmətlərinə tələbatın genişlənməsi, elektron ticarət, elektron hökumət və rəqəmsal bankçılığın inkişafı ilə əlaqədardır. Dövlət və özəl sektorun bu istiqamətə investisiyaları, yeni texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişlənməsi əlavə iqtisadi dəyər yaradır”.

Akif Nəsirli vurğulayıb ki, hər iki sahənin inkişafı bütövlükdə ölkə iqtisadiyyatına da müsbət təsir göstərir:

“Digər mühüm məqam odur ki, bu sahələr iqtisadiyyatın digər sektorlarının da inkişafına təsir göstərir. Nəqliyyat ticarət və istehsalın, informasiya texnologiyaları isə xidmətlərin və biznes proseslərinin səmərəliliyini artırır. Buna görə də onların sürətli böyüməsi yalnız öz daxilində deyil, bütövlükdə iqtisadiyyat üçün də əlavə imkanlar yaradır”.