Ağ Ev yaxınlığındakı hücumun təfərrüatı bəlli oldu: 55 yaşlı həkim 1 milyonluq mənzilində...

Noyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən silahlı hücumun təfərrüatı məlum olub.

ABŞ mətbuatına istinadla, hücum edən şəxs 55 yaşlı həkim Matt Lambert olub.

O, üzvü olduğu idman zalında bir nəfəri öldürdükdən sonra binanın yeddinci mərtəbəsində yerləşən mənzilinə qaçıb.

Bildirilib ki, 1,1 milyon dollara aldığı lüks mənzilində barrikada quran Lambert eyvandan ətrafa atəş açaraq dörd nəfəri yaralayıb, sonra isə özünü öldürüb.

Vaşinqton Metropolitan Polis İdarəsinin rəisi Ceffri Karroll bildirib ki, hadisənin şübhəlinin yaşadığı binanın idarə heyəti ilə arasında uzun müddətdir davam edən mübahisə ilə əlaqəli olduğu ehtimal edilir. Mübahisənin əsas səbəbləri binanın təmiri və digər məsələlər olub. Lambertin həmin quruma qarşı məhkəmə iddiası da qaldırdığı bildirilir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.