Avropa Siyasi Birliyinin Dublin sammiti: Azərbaycanın strateji rolu getdikcə artır - REPORTAJ

Noyabrın 11-də, yerli vaxtla saat 18 radələrində Dublinin hava limanına endik.

Dublinə payız axşamı: Avropanın enerjiyə qənaəti

Bizi ilk qarşılayan soyuq payız havası olur. Lakin şəhərlə bağlı ilk müşahidələrimiz təkcə hava şəraiti ilə məhdudlaşmır. Küçələrin, binaların və yaşayış mənzillərinin işıqlandırılmasında enerjiyə qənaət edən müasir LED lampalardan geniş istifadə olunması diqqəti çəkir.

Ancaq Dublinə səfərimizin əsas məqsədi bu şəhərin gündəlik həyatını müşahidə etmək deyil. Noyabrın 12-də keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə Toplantısı Azərbaycan üçün mühüm siyasi və diplomatik platforma olacaq. Jurnalist həmkarlarımızla birlikdə bu tədbirə xüsusi hazırlaşırıq. Çünki toplantının gündəliyində yer alan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri Azərbaycanın son illərdə formalaşan xarici siyasət və iqtisadi prioritetləri ilə birbaşa səsləşir.

Səhər saatlarından başlayan gərgin iş rejimi

Noyabrın 12-də səhər saat 06:00 radələrində ayrılmış avtobusla tədbirin keçiriləcəyi məkana – Dublin Konqres Mərkəzinə (Convention Centre Dublin) yola düşürük. Zirvə toplantısının əsas tədbirləri burada təşkil olunacaq. Akkreditasiya prosedurlarından keçərkən Azərbaycan nümayəndə heyətinə münasibətdə xüsusi diqqət və xoş münasibətin şahidi oluruq.

Akkreditasiya sənədini aldıqdan sonra saat 07:00-da artıq media mərkəzində iş yerlərimizi tuturuq. Qarşıda bizi uzun və intensiv iş günü gözləyir. Dövlət və hökumət başçılarının gəlişi, jurnalistlərə açıqlamaları, plenar sessiya, dəyirmi masa və ikitərəfli görüşlər barədə operativ məlumatların hazırlanması üçün bütün imkanlarımızı səfərbər edirik.

Təxminən iki saat sonra liderlərin qarşılanması başlayır. Bu mərasimdə Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət və ehtiram diqqətdən yayınmır. Təkcə protokol qaydaları deyil, Avropa liderlərinin və tədbir iştirakçılarının Azərbaycan Prezidentinə münasibəti də açıq mesajlar verir. Zirvə toplantısı başlamazdan əvvəl dövlət və hökumət başçılarının jurnalistlərə açıqlamalarında Azərbaycanın enerji təchizatı, nəqliyyat bağlantıları və tranzit imkanları baxımından əhəmiyyətinin xüsusi vurğulanması bu qənaəti daha da möhkəmləndirir.

Əslində, Prezident İlham Əliyevin toplantıda iştirakı özü də mühüm siyasi amil kimi qiymətləndirilir. Çünki Avropanın enerji təhlükəsizliyi, Şərq-Qərb bağlantıları və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar müzakirə olunarkən Azərbaycanın mövqeyini nəzərə almadan hərtərəfli yanaşma formalaşdırmaq mümkün deyil.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan çəkisi

Dublində keçirilən toplantının əsas mövzularından biri rəqabətqabiliyyətli Avropanın yaradılması, innovasiya, bağlantılar və əlçatan enerji məsələləridir. Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada çıxışı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Avropa üçün hazırda əsas məsələlərdən biri etibarlı, dayanıqlı və əlçatan enerji təchizatıdır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, geosiyasi qarşıdurmalar və təchizat marşrutları ətrafında yaranan risklər Avropa ölkələrini enerji mənbələrinin və tərəfdaşlarının şaxələndirilməsinə sövq edib. Belə bir şəraitdə Azərbaycan Avropa üçün alternativ enerji mənbəyindən daha artıq məna daşıyır: ölkəmiz etibarlı təchizatçı, mövcud infrastruktura malik tərəfdaş və gələcək enerji layihələrinin iştirakçısı kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışında Avropanın xüsusi maraq göstərdiyi məqamlardan biri Azərbaycanın qaz təchizatını artırmaq niyyətidir. Dövlət başçısı yeni qaz yataqlarının kəşf edildiyini və ölkəmizin hasilat imkanlarının genişləndirilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırır. Bununla yanaşı, Bakıdan İtaliyaya qədər uzanan qaz kəmərinin hazırda tam yüklə işlədiyini bildirir. Prezidentin sözlərinə görə, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücü 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırılıb.

Bu rəqəmlər ilk baxışda texniki göstəricilər kimi görünə bilər. Lakin onların arxasında daha geniş geoiqtisadi məna dayanır. Azərbaycan Avropaya qaz ixracını artırmaq üçün təkcə hasilat imkanlarını deyil, mövcud infrastrukturun ötürücülük qabiliyyətini də genişləndirməyə çalışır. Bununla belə, gələcək artım üçün yeni investisiyalar, uzunmüddətli alqı-satqı müqavilələri və maliyyə mexanizmlərinin əhəmiyyəti də aktuallaşır.

Dövlət başçısının çıxışında neft emalı müəssisələrinin artan əhəmiyyətinə toxunması da diqqətəlayiqdir. Prezident Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu bildirir. Bu yanaşma ölkəmizin enerji siyasətinin yalnız xam resursların ixracı ilə məhdudlaşmadığını, emal və əlavə dəyər yaradılması istiqamətində də imkanlara malik olduğunu göstərir.

İkitərəfli görüşlər: Avropanın Azərbaycanla dialoqa marağı

Dublində səfərin ən mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlərdir. Bu görüşlərin məhz qarşı tərəflərin təşəbbüsü ilə təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət başçısının mövqeyinə, yanaşmalarına və mesajlarına Avropa ölkələrinin liderləri tərəfindən verilən önəm təkcə rəsmi bəyanatlarda deyil, diplomatik təmasların intensivliyində də özünü göstərir.

Gün ərzində Prezident İlham Əliyevlə görüşmək istəyən liderlərin çoxluğu, müxtəlif ölkələrin nümayəndələrinin Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə etməyə çalışması diqqət çəkir. Görüşlərin gündəliyi də Azərbaycanın Avropa üçün hansı istiqamətlərdə əhəmiyyət daşıdığını aydın göstərir: enerji resursları, nəqliyyat dəhlizləri, tranzit imkanları, bərpaolunan enerji, regional təhlükəsizlik və investisiyalar.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi üçün uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini müzakirə edirlər. Bu məsələ Avropanın enerji təhlükəsizliyinə dair yeni yanaşmaların formalaşdığı bir dövrdə xüsusilə aktualdır.

Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzində olur. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı məqsədilə əldə olunmuş razılaşmanın əhəmiyyəti vurğulanır. Bu, Azərbaycanın gələcəkdə Avropaya yalnız təbii qaz deyil, həm də yaşıl enerji ixrac edən ölkəyə çevrilməsi perspektivini gündəmə gətirir.

Beləliklə, Avropa ilə enerji əməkdaşlığının yeni mərhələsi formalaşır. Əvvəlki dövrdə əsas diqqət təbii qaz təchizatına yönəlirdisə, indi bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi və regional enerji bağlantıları da bu gündəliyin mühüm hissəsinə çevrilir.

Orta Dəhliz və Naxçıvan bağlantısı: Azərbaycanın tranzit potensialı

Dublindəki görüşlərdə enerji məsələləri ilə yanaşı, nəqliyyat və bağlantılar da xüsusi yer tutur. Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən marşrutlar üzərində yerləşməsi və son illərdə tranzit infrastrukturuna yatırdığı investisiyalar ölkəmizin strateji əhəmiyyətini artırır.

Orta Dəhliz bu baxımdan Avropa ilə Asiya arasında alternativ və etibarlı nəqliyyat marşrutu kimi diqqət mərkəzindədir. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, ənənəvi marşrutların üzləşdiyi risklər və Avropa ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin genişlənməsi Azərbaycanın tranzit imkanlarına marağı artırır.

Görüşlərdə Orta Dəhlizin əhəmiyyətinin xüsusi qeyd edilməsi təsadüfi deyil. Azərbaycan bu marşrutun yalnız coğrafi hissəsi deyil, onun səmərəli fəaliyyətini təmin edən infrastrukturun, logistika imkanlarının və regional əməkdaşlıq mexanizmlərinin əsas iştirakçılarından biridir.

Naxçıvan dəmir yolu layihəsi ilə bağlı Avropa İttifaqı tərəfindən aparılan qiymətləndirmənin tezliklə yekunlaşdırılacağının bildirilməsi də diqqətəlayiq məqamlardandır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi ilə yanaşı, daha geniş regional nəqliyyat şəbəkəsinin formalaşması baxımından da əhəmiyyət daşıyır. Layihənin reallaşması Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yeni imkanlar yarada, regionun iqtisadi inteqrasiyasına töhfə verə bilər.

Böyük Britaniya ilə strateji tərəfdaşlıq: yeni əməkdaşlıq mərhələsi

Dublin səfərinin mühüm nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi oldu. Dublində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması əməkdaşlığın yeni siyasi çərçivəsini müəyyənləşdirir.

Avropanın aparıcı dövlətlərindən biri və Azərbaycanın enerji sektorunda uzun illərdir mühüm tərəfdaşı olan Böyük Britaniya ilə münasibətlərin bu səviyyəyə qaldırılması xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlıq artıq ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Bərpaolunan enerji, investisiyalar, yüksək texnologiyalar, süni intellekt, müdafiə və təhlükəsizlik kimi istiqamətlər də münasibətlərin yeni gündəliyində yer alır.

Bu məqam Avropa dövlətlərinin Azərbaycanla münasibətlərə yanaşmasında baş verən dəyişiklikləri də göstərir. Ölkəmiz artıq yalnız enerji təchizatçısı və tranzit dövləti kimi deyil, regional təhlükəsizlik, müdafiə və texnoloji əməkdaşlıq baxımından da nəzərə alınan tərəfdaşdır.

Bakı ilə İrəvan arasında Dublində davam edən sülh gündəliyi

Səfərin ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Bu təmas Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyinin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası, regionda kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsini, iqtisadi-ticari əlaqələrin inkişafı imkanlarını, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Müzakirələrdə ətraf mühit və transsərhəd su ehtiyatları üzrə əməkdaşlıq da yer alıb. Liderlər transsərhəd çayların idarə olunması ilə bağlı işçi qrupların yaradılmasını alqışlayır, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Bu görüşün əhəmiyyəti yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Avropa üçün də yeni iqtisadi və nəqliyyat imkanları açır. Regionda kommunikasiyaların açılması isə Avropanın Mərkəzi Asiyaya çıxışını asanlaşdıra, Orta Dəhlizin potensialını artıra və yeni ticarət əlaqələrinin formalaşmasına şərait yarada bilər.

Azərbaycanın orta güc kimi artan əhəmiyyəti

Dublində keçirdiyimiz günün sonunda diqqətimizi çəkən əsas məqam budur: Azərbaycanla dialoq artıq Avropanın bir neçə ayrı-ayrı ölkəsinin maraq dairəsində olan ikitərəfli münasibətlər məsələsi deyil. Bu dialoq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik, investisiya və təhlükəsizlik kimi ümumavropa gündəliyinin mühüm istiqamətlərini əhatə edir.

Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisi son illərdə əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində ölkəmiz mürəkkəb regional şəraitdə müstəqil xarici siyasət yürüdən, enerji və nəqliyyat infrastrukturu yaradan, qonşuları və qonşularının qonşuları ilə əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Bu mövqenin arxasında yalnız coğrafi üstünlüklər dayanmır. Azərbaycanın enerji infrastrukturuna, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika mərkəzlərinə yatırdığı sərmayələr, xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması, iqtisadi və siyasi müstəqilliyin qorunması da ölkəmizin etibarlı tərəfdaş imicini gücləndirən amillərdir.

Eyni zamanda, Avropa ölkələrinin Azərbaycana marağı yalnız mövcud imkanlarla bağlı deyil. Bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün yeni perspektivlər mövcuddur. Bu isə ölkəmizə sərmayə qoyuluşu baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın orta güc kimi artan rolu da məhz bu amillərin məcmusu ilə müəyyənləşir. Ölkəmiz regional proseslərdə təşəbbüslər irəli sürür, enerji və nəqliyyat marşrutlarının formalaşmasında iştirak edir, beynəlxalq tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Avropanın aparıcı dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlığı xarici siyasət prioritetləri sırasına daxil etməsi bu tendensiyanın göstəricisidir.

Dublindən ayrılarkən bir daha əmin oluruq ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısına qatılması təkcə beynəlxalq tədbirdə iştirak faktı ilə məhdudlaşmır. Bu səfər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sülh və iqtisadi əməkdaşlıq sahələrində artan rolunun Avropada necə qəbul edildiyini növbəti dəfə nümayişi oldu.

Avropa liderlərinin Azərbaycanla əməkdaşlığa marağı, Prezident İlham Əliyevlə görüşlərə təşəbbüs göstərilməsi, ölkəmizin 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi edəcəyi və Bakı-İrəvan sülh gündəliyinin Dublində davam etdirilməsi səfərin əsas nəticələrini ortaya qoyur.

Beləliklə, Dublindən Bakıya təkcə keçirilmiş görüşlərin və imzalanmış sənədlərin xəbərləri ilə deyil, Azərbaycanın Avropanın siyasi, iqtisadi və təhlükəsizlik gündəliyində artan çəkisinin daha bir təsdiqinin şahidi kimi qayıdırıq.