Azərbaycanda ər “Temu”dan tez-tez sifariş verən arvadını bıçaqladı

Azərbaycanda 1984-cü il təvəllüdlü kişi “Temu”dan tez-tez sifariş verən həyat yoldaşını bıçaqlayıb.

Xitab24.az-a istinadla, hadisə Gəncədə baş verib.

Məlum olub ki, təqsirləndirilən Xeyrulla Məmmədsoy (ad-soyad şərtidir) şəxsi münasibətlər zəminində sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

Hadisə ilə bağlı X.Məmmədsoya qarşı Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 228.5-ci maddələri cinayət işi başlanıb.

Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mübahisə həyat yoldaşının telefondan çox istifadə etməsi və “Temu” platformasından tez-tez sifarişlər verməsi səbəbindən baş verib.

Zərərçəkmiş qadın isə ifadəsində ərindən şikayətçi olmadığını, onu bağışladığını bildirib

Məhkəmənin hökmünə əsasən, X.Məmmədsoya “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilib və cinayət təqibinə xitam verilib.