“Ermənistanın mina terrorunun ifşası milli və qlobal təhlükəsizlik baxımından olduqca önəmlidir”

Artıq bir müddətdir ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Ermənistanın mina terrorunun ifşası istiqamətində mütəmadi addımlar atmaqda, Avropanın müxtəlif ölkələrində mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotolardan ibarət sərgilər keçirməkdədir.

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu cür sərgilərin Ermənistanın mina terrorunun ifşası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Təbii ki, Ermənistanın mina terroru və məlum terrorun ağır fəsadları ilə bağlı bu cür sərgilərin keçirilməsi erməni faşizminin ifşası, eləcə də mina probleminin bəşəriyyət üçün aktuallığını diqqətə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı mina terroru həyata keçirib. Artıq 6 ildir ki, torpaqlarımızı işğaldan azad etməyimizə baxmayaraq, bu gün də həmin əraziərin mina və digər partlamamış döyüş sursatlarından təmizlənməsi prosesi davam edir. Yüzlərlə azərbaycanlı mina partlayışı nəticəsində ağır yaralanıb, onlarla vətəndaşımız həyatını itirib. Onların arasında qadınlar, uşaqlar da var. Dünyanın digər bölgələrində də mina terroru ilə bağlı ciddi problemlər mövcuddur. Odur ki, Ermənistanın mina terrorunun ifşası həm milli, həm də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, Ermənistanın mina terrorunun ifşası istiqamətində səylər bundan sonra da davam etdirilməli, bu cinayətə imza atan şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır”.