Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır: strateji müttəfiqlik və beynəlxalq həmrəylik
“Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Bizim münasibətlərimiz “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. 8 Noyabr – Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə, Qarabağa səfər edərək xalqımızın bayram sevincinə qoşulması iki dövlət arasında qardaşlıq münasibətlərinin növbəti təzahürü oldu. Bu səfər zamanı liderlərimiz bir daha birlik və həmrəylik mesajı verdilər, Azərbaycanla Türkiyənin münasibətlərini heç bir qüvvənin poza bilməyəcəyini nümayiş etdirdilər”.
Bu fikirləri Oxu24.com-aMilli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfərindən cəmi iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Türkiyəyə səfər edərək COP31-in Liderlər Sammitində iştirakı dövlətlərimiz və xalqlarımız arasında sarsılmaz qardaşlığın bariz nümunəsidir.
Son zamanlar iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə çalışan, hər vəchlə Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə cəhd göstərən qüvvələrin məqsədləri isə iflasa uğradı. Liderlərin qarşılıqlı səfərləri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını bir daha təsdiqləməklə yanaşı, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına da mühüm töhfə verir.
Bu səfərlər göstərir ki, Azərbaycan və Türkiyəni yalnız ortaq tarix və mənəvi dəyərlər deyil, həm də gələcəyə dair vahid strateji baxış və ortaq maraqlar birləşdirir.
Məhz bu qardaşlıq və birlik ruhu iki ölkənin regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırır. Şuşada liderlərimizin verdiyi birlik və qardaşlıq mesajları isə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllərə söykəndiyini bir daha nümayiş etdirdi.
Millət vəkilinin sözlərinə görə, Türkiyənin ev sahibliyi etdiyi COP31 Liderlər Sammiti Azərbaycan-Türkiyə əməkdaşlığının qlobal əhəmiyyət daşıyan məsələlərdə də uğurla davam etdirildiyini nümayiş etdirdi. Bu gün qlobal iqlim dəyişiklikləri beynəlxalq ictimaiyyət qarşısında duran ən ciddi çağırışlardan biridir. İqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması, ətraf mühitin qorunması və dayanıqlı gələcəyin təmin edilməsi bütün dövlətlərin birgə səylərini və məsuliyyətli yanaşmasını tələb edir.
Məhz buna görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal iqlim gündəliyinin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır.
Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, dövlətimizin başçısına göstərilən yüksək ehtiram Liderimizin beynəlxalq nüfuzunun və ölkəmizin qlobal proseslərdə artan rolunun növbəti təsdiqidir. Sammitə ev sahibliyi edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında iqlim sammitlərinin təşkilindəki təcrübəsini bölüşdüyünə görə Azərbaycana təşəkkürünü bildirib.
“Həqiqətən də, Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Məlumdur ki, 2024-cü il noyabrın 11-dən 23-dək ölkəmizdə COP29 keçirilib. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbir təşkilatçılıq baxımından yüksək səviyyədə baş tutub”, – deyən deputat bildirib ki, COP29 qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm qərarların qəbulu ilə yadda qalıb.
Bakıda COP tarixində bir sıra mühüm ilklərə imza atılıb. Bu baxımdan, qlobal iqlim maliyyələşdirilməsinin artırılmasına dair əldə olunan razılaşma xüsusi əhəmiyyət daşıyır.
COP29-da qəbul edilən yeni maliyyə hədəfinə əsasən, inkişaf etmiş ölkələrin 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər edilməsinə rəhbərlik etməsi nəzərdə tutulur.
Eyni zamanda, bütün mənbələrdən iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması istiqamətində səylərin gücləndirilməsi barədə razılıq əldə olunub. Bakı Maliyyə Məqsədi kimi tarixə düşən bu razılaşma iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, 2015-ci ildə Paris Sazişi qəbul edildikdən sonra ilk dəfə COP29-da Sazişin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi istiqamətində razılıq əldə olunub. Həmin maddə çərçivəsində qəbul edilən qərarlar beynəlxalq karbon bazarlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın və ekoloji bütövlüyün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfələrin və beynəlxalq məsuliyyətinin göstəricisidir.
Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də ölkəmizin ekoloji məsələlərə münasibətini və bu sahədəki prioritetlərini aydın şəkildə nümayiş etdirirdi. Bu təşəbbüs Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinə daim töhfə vermək əzmini ifadə edirdi.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Türkiyə iqlim dəyişiklikləri ilə mübarizə məsələsində də həmrəylik nümayiş etdirir, qlobal çağırışların həllinə ortaq mövqedən yanaşırlar.
Prezident İlham Əliyevin Türkiyədə keçirilən COP31 Liderlər Sammitində iştirakı, eləcə də Türkiyə Prezidentinin Azərbaycanın əvvəlki COP təcrübəsinə verdiyi yüksək qiymət iki ölkə arasında əməkdaşlığın beynəlxalq müstəvidə də uğurla davam etdiyini təsdiqləyir.
“Bütövlükdə, Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də ardıcıl şəkildə dərinləşir. Dövlətlərimiz arasında strateji müttəfiqlik regional sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm amildir. İnanıram ki, liderlərimizin qarşılıqlı səfərləri və verdikləri bəyanatlar mövcud əməkdaşlığın daha da genişlənməsinə, yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaq, ortaq maraqlarını və milli mənafelərini birlikdə müdafiə edəcək. Çünki biz bir millət iki dövlət olaraq hər zaman birliyimizi və həmrəyliyimizi qoruyuruq!” – deyə, Pərvin Kərimzadə vurğulayıb.