İki teatrın bina problemi parlamentdə qaldırıldı

Azərbaycanda mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılması, həmçinin Bakı Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Yuğ Teatrının bina probleminin həlli vacibdir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin saxlanılması xərclərinin artırılması milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

“Daxildə Qarabağın tarixi simasının bərpası, xaricdə isə bu mədəniyyətin geniş şəkildə təbliği vahid bir strateji hədəfə – Azərbaycanın milli maraqlarının və mədəni suverenliyinin qorunmasına xidmət edir”, – deyə o bildirib.

G.Əfəndiyeva mədəniyyət və incəsənət işçilərinin sosial vəziyyətinə də diqqət çəkib. O qeyd edib ki, səhnədə, teatrlarda, muzey və kitabxanalarda təqdim olunan əsərlərin arxasında böyük zəhmət və fədakarlıq dayanır.

“Mədəniyyət və incəsənət ruhun qidasıdır deyiriksə, o zaman biz bu ruhu yaşadan insanlarımızın fiziki ehtiyaclarını, həyat şəraitini unuda bilmərik. Ona görə də mədəniyyət-incəsənət işçilərinin əmək haqlarının artırılması vacib əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

O, həmçinin Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının öz binalarının olmadığını diqqətə çatdırıb.

“İllərdir ölkəmizdə fəaliyyət göstərən, repertuarını davamlı yeniləyən Bakı Bələdiyyə Teatrının, Azərbaycan Dövlət Yuğ Teatrının öz binaları yoxdur. Binaların olmaması yaradıcı heyətin, həmin teatrların və ümumilikdə milli teatr sənətimizin inkişafına əks təsir göstərir”, – deyə G.Əfəndiyeva əlavə edib.