Azərbaycanda illik inflyasiya 5,2%-ə düşüb – Bu son iki ilin minimumudur

Azərbaycanda illik inflyasiya sentyabr ayındakı 5,5 faizdən oktyabrda 5,2 faizə enib. Bununla belə, ərzaq məhsullarının qiymətlərində artım ümumi inflyasiyadan yüksək olaraq qalır. Bu 2024-cü ilin dekabrındakı 4,9% illlik inflyasiyadan bu tərəfə minimal səviyyədir.

Dövlət Statistika Komitəsinə istinadən, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri (orta inflyasiya) ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. Bu göstərici yanvar-sentyabr aylarında 5,7 faiz idi. On ayda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,8 faiz, qeyri-qida məhsulları 3,7 faiz, ödənişli xidmətlər isə 5,4 faiz bahalaşıb.

Oktyabrda aylıq inflyasiya 0,3 faiz təşkil edib. Sentyabrda bu göstərici 0,9 faiz olmuşdu. İllik müqayisədə ərzaq məhsullarının qiymət artımı 6,9 faizdən 6,7 faizə, qeyri-qida məhsulları üzrə 3,6 faizdən 3,4 faizə, xidmətlər üzrə isə 5,1 faizdən 4,7 faizə enib. Ay ərzində mal və qoyun əti, toyuq əti, yumurta, pomidor, xiyar, kartof və bir sıra tərəvəzlər bahalaşıb. Alma, banan, üzüm, qoz, fındıq və bəzi digər ərzaqlar ucuzlaşıb. Ödənişli məktəbəqədər təhsil və kimyəvi təmizləmə xidmətlərinin qiymətləri yüksəlib, beynəlxalq aviadaşımalar isə ucuzlaşıb.

Bu Azərbaycan Mərkəzi Bankı (AMB) üçün mühüm indiqatordur. AMB inflyasiyanı 4±2 faizlik hədəf diapazonunda saxlamaq siyasətini davam etdirir. Bank oktyabrın 29-da uçot dərəcəsini 6,5 faiz, faiz dəhlizinin aşağı həddini 5 faiz, yuxarı həddini isə 7,5 faiz səviyyəsində dəyişməz saxlayıb. AMB-nin açıqlamasına görə, xarici ərzaq və enerji qiymətlərinin yüksəlməsi, eləcə də əsas ticarət tərəfdaşlarından inflyasiyanın ötürülməsi riskləri aktual olaraq qalır.

Mərkəzi Bank oktyabr proqnozlarında 2026-cı ilin sonuna illik inflyasiya gözləntisini 6,1 faizdən 5,9 faizə endirib, 2027-ci ilin sonu üzrə isə 5,8 faizdən 5,9 faizə yüksəldib. Beləliklə, AMB hər iki ilin sonunda inflyasiyanın hədəf diapazonunun yuxarı sərhədinə yaxın olacağını gözləyir. Bu proqnoz dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalması fərziyyəsinə əsaslanır.

Hökumətin proqnozlarına görə isə Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 faiz, 2027-ci ildə 5,3 faiz təşkil edəcək. İqtisadiyyat Nazirliyinin 2027-2030-cu illər üzrə makroiqtisadi proqnozlarında inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3 faizə enməsi gözlənilir. Proqnozlarda manatın ABŞ dollarına qarşı məzənnəsi də sabit götürülüb.

Beynəlxalq qurumların qiymətləndirmələri də qiymət artımının növbəti ildə davam edəcəyini göstərir. Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr proqnozunda Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,8 faiz, 2027-ci ildə 5,6 faiz olacağı bildirilir. Asiya İnkişaf Bankı (AİB) müvafiq illər üzrə 5,9 faiz və 5 faiz inflyasiya gözləyir. Dünya Bankının oktyabr qiymətləndirməsində isə inflyasiyanın 2026-cı ildə 5,8 faiz səviyyəsinə çatdıqdan sonra 2027-ci ildə 4,6 faizə, 2028-ci ildə isə 4 faizə enəcəyi proqnozlaşdırılır.

Mərkəzi Bank bildirir ki, mövcud pul və fiskal siyasət şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir. Bankın faiz dəhlizi ilə bağlı növbəti qərarı dekabrın 23-də açıqlanacaq.