Lent.az rəssam-dizayner Təhminə Seyidzadə ilə müsahibəni təqdim edir:
- Təhminə xanım, öncə istəyirəm ki, özünüz haqqında məlumat verəsiniz. Sizi daha yaxından tanıyaq.
- Mən Təhminə Seyidzadə rəssam-dizaynerəm. 15 ildən çoxdur ki, “Xarıbülbül” brendi üzərində çalışıram və məhsullarımız bu ad altında satışa, sərgilərə çıxarılır. Əslində, fərqli ixtisas üzrə təhsil alırdım. Amma genlərimdə olan rəssamlıq qabiliyyəti və yaradıcılıq istəyi bir müddət sonra mənə bu sahədə olmalı olduğumu hiss etdirdi.
- Ailənizdə də rəssamlar var?
- Bəli, atam, nənəm və anam rəssamdır. Amma rəssam ailəsində böyüməyimə baxmayaraq, valideynlərim mənim rəssam olmağımı istəmirdilər. Məktəbdə dərslərimi yaxşı oxuduğum üçün tibb, hüquq və ya iqtisadiyyat kimi sahələrdə təhsil almağımı istəyirdilər.
Valideynlər üçün övladını həkim, müəllim və ya hüquqşünas kimi görmək daha rahatdır. Rəssamlıq və incəsənət sahəsi isə onların təsəvvüründə o qədər də uğurlu seçim deyildi.
İlk olaraq valideynlərimin istədiyi kimi idarəetmə və beynəlxalq münasibətlər üzrə təhsil aldım. Türkiyədə oxumuşam. Sonradan ikinci təhsil almaq istəyəndə onlara incəsənətlə məşğul olmaq istədiyimi bildirdim. Dedim ki, birinci təhsilim mənim istədiyim sahə deyil, özümü orada görmürəm.
Bundan sonra yenidən Türkiyəyə qayıdaraq İstanbul Universitetində ikinci təhsilimi aldım. İncəsənət və marketinq istiqamətləri üzrə təhsilimi başa vurdum. Bakıya qayıdandan sonra isə artıq qərarlı idim: brendimi dünya səviyyəsində tanıtmalıydım.
- Artıq həmin vaxt brendinizi yaratmışdınız?
- Bəli, əslində, 16 yaşımda brendimi yaratmışdım və sahibkar kimi fəaliyyətə başlamışam. İlk olaraq keramikadan qolbaqlar hazırlamağa başlamışdım. Bu, sadəcə hobbi idi. İçimdəki yaradıcılığı və marketinq bacarığımı ortaya qoymaq istəyirdim.
2010-cu ildə brendimin adını “Xarıbülbül” qoydum. Həmin vaxt 10-cu sinifdən 11-ci sinfə keçirdim. Heç düşünmürdüm ki, bu, uzunmüddətli bir işə çevriləcək. Sadəcə özümü ifadə etmək üçün Instagram-da kiçik bir səhifə açmışdım.
- Bəs o yaşda bir gənc qızın brendinə “Xarıbülbül” adını verməsinin səbəbi nə idi? Axı bu ad sonradan daha da məşhurlaşdı.
- Mən məktəb illərindən vətənpərvər ruhda olmuşam. Liseydə oxuyarkən dövlətimiz, millətimiz və tariximizlə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdim. Xocalı faciəsi, 20 Yanvar, 28 May Respublika Günü ilə bağlı tədbirlər və sərgilər təşkil edirdim. Hətta birinci sinifdə oxuyanda müəllimimdən tələb edirdim ki, sinifdə masanın üzərində Azərbaycan bayrağı olsun. Həmişə milli dəyərlərimizə xüsusi həssaslıqla yanaşmışam.
Brendimin adını müəyyənləşdirməzdən əvvəl çox araşdırma apardım. Düşündüm ki, hansı ad mənim xarakterimi və yaradıcılığımı ifadə edə bilər? Sonda “Xarıbülbül” adını seçdim.
Düşündüm ki, yaradıcılığımın adı mütləq “Xarıbülbül” olmalıdır. Bu ad mənim xarakterimlə və işimlə tamamlanır.
İlk olaraq keramikadan qolbaqlar hazırlamağa başladım. Həmin dövrdə Azərbaycanda keramika ilə bağlı fəaliyyət göstərən çox az insan var idi. Türkiyədən gil, Avropadan boyalar və digər materiallar tapmağa çalışırdım. O vaxt bunları Azərbaycana gətirmək çox çətin idi. İtaliyadan, Türkiyədən karqo sifarişləri, aksessuar hazırlamaq üçün lazım olan metal hissələr, muncuqlar və təbii daşların tapılması vaxt aparırdı.
- Hazırladığınız məhsulları satırdınız?
- Bəli. Hazırladığım məhsulları səhifəmdə paylaşırdım. İlk aydan yaxşı satış oldu. 300 manatdan çox gəlir əldə etdim. Bu, mənə böyük stimul verdi. Gördüm ki, hazırladıqlarımı sata bilərəm. Sonrakı aylarda keramikaları digər aksessuarlarla birləşdirməyə başladım. Bu zaman məhsullarım daha çox diqqət çəkməyə başladı.
- Bəs beynəlxalq sərgilərə yolunuz necə açıldı?
- Mən Türkiyə Məzunları İctimai Birliyində fəal gənclərin sədri idim. Bir gün əl işləri və sənətkarlıqla bağlı sərgi təşkil olunurdu. Birliyin fəal gənclərinə də sərgidə iştirak etmək təklif edilmişdi.
Sərginin təşkilatçısı Çingiz Bayramov işlərimi bəyəndiyini və mütləq iştirak etməli olduğumu söylədi. Əvvəlcə özümü hazır hiss etmədiyimi bildirdim. Amma onun təkidi ilə sərgidə iştirak etdim. Həmin sərgidə hazırladığım bütün aksessuarları, o cümlədən Xarıbülbül motivli boyunbağıları təqdim etdim. Artıq ipək şallar üzərində də eskizlər hazırlamağa başlamışdım. Həmin işlərdən biri hələ tam hazır olmasa da, stenddə nümayiş etdirilirdi. Sərgiyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlmişdi və stendimdəki məhsulların hamısını aldı. Bu hadisədən sonra çox sevindim. Həmin gecə sevincimdən yata bilmədim.
- Leyla xanımla ilk ünsiyyətiniz həmin sərgidə oldu?
- Bəli, ilk yaxın tanışlığımız orada oldu.
Həmin sərgidəki tanışlığımız mənə incəsənət üzrə təhsil almaq üçün də stimul verdi. İkinci təhsilimi Leyla xanımın dəstəyi ilə aldım. Həmin tədbirdə mənə incəsənət üzrə təhsil alıb-almadığımı soruşdu. Təhsil almadığımı bildirdim. Bundan sonra təhsilimlə bağlı maddi və mənəvi öhdəliklərin üzərinə götürülməsinə dəstək göstərildi.
İstanbul Universitetində təhsil aldığım müddətdən başlayaraq xarici sərgilərdə iştirak etdim. Həmin sərgilərdə Azərbaycan milli ornamentləri, müxtəlif yüzilliklərə aid naxışları öz əsərlərimdə təqdim etməyə başladım. Məqsədim Azərbaycan mədəniyyətini, tarixini və milli dəyərlərini brendim vasitəsilə dünyaya tanıtmaq idi.
- Bildiyimə görə, 45-dən çox ölkədə olmusunuz.
- Bəli. 45-dən çox ölkədə olmuşam və 250-yə yaxın beynəlxalq və yerli sərgidə iştirak etmişəm. Hər dəfə yeni işlərlə təmsil olunmağa çalışmışam. Çox nadir hallarda eyni kolleksiyanı müxtəlif ölkələrdə təqdim etmişəm. Eyni kolleksiyanı eyni ölkəyə ikinci dəfə aparmamışam.
Bəzi sərgilərə Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən dəvət olunmuşam. Bəzi hallarda isə sosial çevrəmdən gələn təklifləri dəyərləndirmişəm.
Məqsədim yalnız özümü və brendimi tanıtmaq olmayıb. Əsas məqsədlərimdən biri Azərbaycanı, onun milli dəyərlərini və mədəniyyətini tanıtmaq olub.
Sərgilərdə iştirak üçün xərclərin təxminən 50 faizini öz büdcəm hesabına qarşılamışam. Dövlət dəstəyi ilə iştirak etdiyim tədbirlər də olub. Gənc sahibkar kimi qazandığım gəlirin böyük hissəsini brendimin inkişafına və xaricdə tanınmasına sərf etmişəm.
- Şəhərdə emalatxananızın olduğunu bilirəm. Orada hansı işləri görürsünüz?
- Emalatxanada istehsalat prosesi sıfırdan həyata keçirilir. Gil alınır, ondan qablar hazırlanır, bişirilir və daha sonra üzərinə mənim dizayn etdiyim naxışlar çəkilir. “Xarıbülbül” artıq komanda şəklində fəaliyyət göstərir. Mən və komandam birlikdə işləyirik.
-Bəs neçə nəfəri işlə təmin edirsiniz?
- Təxminən 10 nəfəri.
-Qabların üzərindəki naxışlar əl işidir yoxsa qəlibdən istifadə olunur?
- Hamısı əl işidir və hazırlamaq xeyli zaman alır. Qabların özünü də biz hazırlayırıq. Eskizləri mən çəkirəm, daha sonra komandamız həmin eskizlər əsasında işləyir. Məsələn, bir güldan hazırlayıram və ondan beş ədəd sifariş olursa, komandamız həmin dizayn əsasında digər nümunələri hazırlayır.
- Heykəlciklər də hazırlayırsınız?
- Bəli, müxtəlif əl işləri hazırlayırıq.
- Əl işlərinizi alıb öz cehizinə qoymaq istəyən qızlarımız var?
- Bəli, var. Belə sifarişlər alırıq.
- Ən bahalı məhsulunuz neçəyə satılıb?
- Ən bahalı məhsulumuz dörd metrə yaxın ölçüdə olan güzgü olub. Onun üzərindəki kaşılar altı ay ərzində hazırlanıb. Dizayn prosesi çox geniş və əziyyətli olub. Həmin güzgünü 12 min manata satmışam. Bu, indiyədək satdığım ən bahalı məhsuldur.
Ümumiyyətlə, məhsullarımız yerli bazarda ucuz deyil. Keramika sahəsində “Xarıbülbül”ün məhsulları yüksək qiymət seqmentindədir. Bunun səbəbi istifadə etdiyimiz materialların keyfiyyətidir. Boyalarımız təbiidir, gilimiz və istifadə etdiyimiz boyalar qida ilə təmas üçün yararlıdır.
- Belə çıxır ki, hər qabda yemək yemək olmaz?
- Bəli. Bəzi məhsulların hazırlanmasında istifadə olunan gil və şirə uyğun standartlara cavab vermədiyi üçün onlardan yemək və içki qabı kimi istifadə etmək düzgün deyil. Çindən gətirilən bəzi məhsullarla bağlı belə hallar olur.
- Bəs gili haradan əldə edirsiniz?
- Gili Almaniyadan alırıq.
- Ölkəmizdə gil var axı.
- Ölkəmizdə gil yataqları var. Sadəcə, bizim istifadə etdiyimiz istehsalat prosesi üçün böyük zavod və xüsusi istehsal infrastrukturu lazımdır. Azərbaycanda da çox gözəl gil yataqları var, amma sənaye miqyasında istehsal məsələsi fərqlidir. Mənim isə hazırda belə bir zavod açmaq və istehsalı sıfırdan təşkil etmək üçün maddi imkanım yoxdur.
- Gil deyərkən söhbət bildiyimiz dağ torpağından gedir eləmi? Dulusçularımızın istifadə etdiyi?
- Bəli, ölkəmizdə də təndir və digər məişət əşyaları hazırlayan dulusçular bu materialdan istifadə edirlər.
- Deməli, ölkəmizdə xammal var, amma sənaye istehsalı məsələsi hələ də aktualdır.
- Bəli, belə demək olar.
- Fəaliyyətinizə və yaradıcılığınıza baxanda görünür ki, bu, sadəcə biznes deyil, həm də milli mədəniyyətimizin təbliğidir.
- Mən də məhz belə düşünürəm. Xarıbülbül mənim üçün yalnız bir brend deyil. Bu ad mənim xarakterimi, milli kimliyimi, yaradıcılığımı və Azərbaycan sevgimi ifadə edir. Ən böyük istəyim gördüyümüz işlərlə ölkəmizi dünyada tanıtmaq və milli sənətkarlıq ənənələrimizi gələcək nəsillərə ötürməkdir.
- Sərgilərinizi və əl işlərinizi ən çox hansı ölkədə xüsusi heyranlıqla izləyiblər?
- İtaliyada. Orada gördüm ki, insanlar qədim milli ornamentlərimiz əsasında hazırladığım naxışlara necə böyük heyranlıqla baxırlar. Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu xüsusi qeyd edirdilər.
Həmin vaxt düşündüm ki, biz başqalarının mədəni irsini heyranlıqla izlədiyimiz halda, özümüzə yetərincə dəyər vermirik. Halbuki biz çox istedadlı və bacarıqlı xalqıq. Bu zənginliyi dünyaya daha geniş tanıtmaq üçün hazırda yeni layihələr üzərində işləyirəm. Növbəti sərgilərimi isə Avropa ilə yanaşı, Uzaq Şərq və Asiya ölkələrində də təşkil etmək istəyirəm.
- Sizə uğurlar arzulayırıq.