Referendumlar konstitusiyanı necə dəyişib?…

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-si ümumxalq səsverməsində (referendumda) qəbul edilib, noyabrın 27-də qüvvəyə minib. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlarda konstitusiya qismən yenilənib.

Medianews.az bildirir ki, ana qanunun dövlət hakimiyyəti bölməsinin ilkin varianta görə, Milli Məclisin deputatları majoritar və proporsional seçki sistemləri ilə (dairələr və partiya siyahıları üzrə) seçilirdi.

İndi yalnız majoritar sistem tətbiq olunur.

Deputat seçilmək üçün 25 yaşa çatmaq gərək idi, hazırda 18 yaş kifayətdir.

İndi Milli Məclisin deputatı səsvermə hüququnu şəxsən həyata keçirmədikdə və qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda da mandatından məhrum edilə bilər.

İlkin variantda bunun üçün belə hallar müəyyən olunmuşdu: seçkilər zamanı səslərin düzgün hesablanmadığının aşkar olunması; deputatın Azərbaycan vətəndaşlığından çıxması və ya başqa dövlətin vətəndaşlığını qəbul etməsi; deputatın cinayət törətməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması; deputatın dövlət orqanlarında vəzifə tutması, din xadimi olması, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olması (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); deputatın özünün mandatdan imtina etməsi.

İlkin variantda Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Milli Məclisin deputatlarına, ölkə Prezidentinə, Ali Məhkəməyə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsub idi.

İndi Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının da bu hüququ var.

İlkin variantda Milli Məclisin buraxılması nəzərdə tutulmurdu, indi bəzi şərtlər daxilində Prezidentin Milli Məclisi buraxması mümkündür.

Konstitusiyanın ilkin variantına görə, yaşı 35-dən aşağı olmayan şəxs Prezident seçilə bilərdi. İndi yaş baryeri yoxdur.

İlkin variant Prezidentin 5 il müddətinə seçilməsini, ardıcıl iki dəfədən çox seçilməyə məhdudiyyəti nəzərdə tuturdu. İndi Prezidentin səlahiyyət müddəti 7 ildir, dəfələrlə seçilmək mümkündür, həmçinin Prezidentin növbədənkənar seçki elan etmək hüququ var.

Ana qanunun ilkin variantına görə, Prezident vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri Milli Məclisin sədrinə keçirdi.

İndi səlahiyyətlərin icrasına məsul olacaq vəzifəli şəxslərin ardıcıllığı belədir: Birinci vitse-prezident, Vitse-prezident, baş nazir, Milli Məclisin sədri.

Bunların heç biri mümkün olmadıqda Milli Məclis dövlət başçısının səlahiyyətlərini başqa vəzifəli şəxsin icra etməsi barədə qərar çıxarır.