Bakı, 12 noyabr, AZƏRTAC Bakı Dövlət Universiteti (BDU) hər zaman öz məzunları ilə fəxr edir. Universitetin yetirmələri təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də həm ali təhsil ocağını, həm də ölkəmizi uğurla təmsil edirlər. Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun rektoru Elçin Babayev bildirib. Elçin Babayev vurğulayıb ki, qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar müasir dünyada sürətlə inkişaf edən və böyük elmi əhəmiyyət daşıyan istiqamətlərdəndir. BDU-da da bu sahələr üzrə ciddi tədqiqatlar aparılır. Universitet elmi prioritetlərini müəyyənləşdirib və təbiət elmləri üzrə əsas istiqamətlərdən biri fizika, materialşünaslıq, nanotədqiqatlar və əlaqəli sahələri əhatə edir. Rektorun sözlərinə görə, görkəmli alimlərin elmə verdiyi töhfələr yalnız elmi nailiyyətlərlə məhdudlaşmır. Onlar yaratdıqları elmi məktəblər, yetişdirdikləri tədqiqatçılar və tədris prosesinə verdikləri töhfələrlə də yadda qalırlar. Bu baxımdan elmi tədqiqatla tədrisin uğurlu şəkildə uzlaşdırılması müasir dövrün əsas tələblərindəndir. O bildirib ki, dünyada elmi tədqiqatlar bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir. Bu proses universitetlərin qarşısında yeni çağırışlar yaradır və müasir elmi tələblərə cavab verən kadrların hazırlanmasını ən mühüm vəzifələrdən birinə çevirir. Elçin Babayev qeyd edib ki, professor Əmirulla Məmmədov və digər tanınmış alimlərin birgə səyləri nəticəsində ölkəmizin inkişafına mühüm töhfə verə biləcək mütəxəssislərin hazırlanması istiqamətində uğurlu nəticələr əldə etmək mümkündür. Rektor BDU-nun birgə elmi-tədqiqatlara hər zaman açıq olduğunu, əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, universitetdə Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb və burada bir neçə istiqamət üzrə elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir. Hazırda Akademiyanın infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir. Burada birgə tədqiqatların aparılması və yüksəkixtisaslı kadrların hazırlanması əsas məqsədlər kimi müəyyənləşdirilib. Müxbir-Tünzalə Arazlı Fotoqraf-Orxan Kərimov