“Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 2025-ci ildə dini qurumlara və müvafiq fonda 5,8 milyon manat, 2026-cı ildə isə 6,7 milyon manat maliyyə yardımı ayrılmışdı. Bu isə cari ildə 900 min manat və ya təxminən 15,5% artım deməkdir. Həmin göstərici dövlətimizin dini icmalarının çalışmasına, mənəvi irsin qorunmasına və konfessiyalararası münasibətlərin inkişafına göstərilən diqqətin konkret maliyyə ifadəsidir”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, dini icmalara dövlət dəstəyi yalnız ibadət və dini fəaliyyətlə bağlı təşkilati ehtiyacların qarşılanması kimi anlaşılmamalıdır:
"Dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği, radikalizmə və xurafata qarşı sağlam düşüncənin gücləndirilməsi, gənclərin mənəvi tərbiyəsi və konfessiyalararası dialoqda bu sahədə mühüm ictimai vəzifələrdən biridir".
Deputat bildirib ki, dövlətin dünyəvi xarakterinin qorunması ilə dini etiqad azadlığının təmin olunması bir-biri ilə təzad təşkil etmir:
"Əksinə, hüquqi dövlətin və sağlam ictimai münasibətlərin qarşılıqlı tamamlayıcı prinsiplər əsasında qurulması olduqca vacibdir. Son həftələrdə baş verən məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı hadisələr bir daha təsdiqlədi ki, dünyəvi dövlət prinsiplərinin cəmiyyətdə sistemli təbliği və qorunması üçün də məqsədyönlü maliyyə mexanizmlərinin yaradılmasına ehtiyac var. Hökumət bunu mütləq düşünüb müəyyən addımların atılmasını təmin etməlidir".
Günay Şahmar, Bizim.Media