İsveçrənin əczaçılıq şirkəti “Roche” ($RO) döş xərçənginin müalicəsi üçün hazırladığı yeni nəsil həbi “Wilserdly” adı altında bazara çıxarmağı planlaşdırır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Şirkət dərmanın mümkün təsdiqi ərəfəsində “Wilserdly” ticarət nişanının qeydiyyatı üçün bir neçə ölkədə müraciət edib. Preparat hazırda “giredestrant” adı ilə tanınır və estrogen reseptorlarına təsir göstərərək xərçəng hüceyrələrinin böyüməsini ləngitmək üçün hazırlanıb.
“Roche”un klinik sınaqlarının nəticələrinə görə, preparat erkən mərhələli döş xərçəngində xəstəliyin təkrarlanması və ya ölüm riskini standart hormonal müalicə ilə müqayisədə 30% azaldıb.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) preparatın təsdiqi üçün müraciəti prioritet qaydada nəzərdən keçirir. Tənzimləyicinin 30 noyabr 2026-cı ilədək qərar verməsi gözlənilir.
Bundan əlavə, şirkət dərmanın inkişaf etmiş döş xərçənginin müalicəsində digər preparatlarla birlikdə istifadəsi üçün də icazə almağa çalışır. Həmin müraciətlə bağlı qərarın dekabrın 18-də açıqlanması nəzərdə tutulub.
“Roche” yeni preparat vasitəsilə onkologiya bazarındakı mövqeyini gücləndirməyi planlaşdırır. Şirkət döş xərçənginin hormonal müalicəsində yeni standart formalaşdırmağa ümid edir.