“Geyimlərini muzeyə verəcəyəm, boy kompleksinə görə bu teatrı yaratmışdım”-…

Xəbər verdiyimiz kimi Əməkdar Mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev dünyasını dəyişib. Aktyor müalicə üçün getdiyi Moskva şəhərində haqq dünyasına qovuşub.

Medianews.az-ın əldə etdiyi məlumata görə sənətkarın nəşi sübh tezdən Azərbaycana gətiriləcək və ata yurdu Lerikdə dəfn olunacaq.

Əməkdar artist, Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov saytımıza açıqlamasında mərhumla yaxın dost olduğunu bildirib:

“Aslanla çox yaxın idik. Eyni qrim otağında otururduq. Moskvada bağırsağından əməliyyat olunub, sonra reanimasiyaya yerləşdiriblər və orada da dünyasını dəyişib. Oktyabrın 21-də 70 yaşı tamam oldu. O ərəfədə elə xəstəxanada idi. Aslan Kukla teatrında 8 il işləyib. Bizdən əvvəl digər teatrlarda qısamüddətli fəaliyyət göstərib. O kuklaçı aktyor deyildi, amma boyu, xarici görünüşü imkan verirdi ki, müxtəlif xarakterləri oynasın. Uzun illər Sumqayıtda mədəniyyət evinin direktoru olub. 65 yaşında pensiyaya çıxandan sonra bizim teatra gəlmişdi. 3-4 tamaşada rol almışdı. Qabaritinə və xarici görünüşünə görə bizim teatra çox lazımlı aktyor idi. Natiq Fərzəliyevin yaratdığı “Balacalar” teatrında da tamaşada məşq edirdi. Bu onun teatrda oynadığı ilk baş rol olacaqdı. Qismət olmadı.. Allah ona rəhmət etsin” deyə sənətkar bildirib.

“Balacalar” teatrının yaradıcısı, tanınmış aktyor Natiq Fərzəliyev Medianews.az-a açıqlamasında bildirib ki, Aslan Fətullayevlə uzun illərin dostu olub:

“Aslan da mənim kimi hər zaman xarakterik və özünə yaraşan rolları oynayıb. Bilirsiniz ki, onun da boyu kiçik idi və bu bir çox hallarda sənətkar tərəfindən komplekslə qarşılanırdı. Elə boy kompleksinə görə də mən “Balacalar” teatrını yaratmışdım ki, onların stimulu yaransın və sənətdə daha həvəslə çalışsınlar. Biz Molyerin “Aldanmış ər” tamaşasını hazırlayırdıq. Tamaşada Aslan müəllim baş rolu oynamalı idi. Məşqlər də etmişdik. Hətta tamaşanın bütün maddi xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Çox böyük və qızğın iş gedirdi. Geyimlər də hazırlanmışdı. O Moskvada əməliyyata getdiyi üçün, mən isə Bakıda əməliyyat olunduğum üçün tamaşa bir az yubandı. Amma heç bilməzdik ki, Aslanın salamat getdiyi yerdən ölüm xəbəri gələcək. Tamaşaya onun roluna dublyor götürmüşdüm. Hazırda Aslanın rolunu başqa bir aktyor məşq edir. Biz bu tamaşanı oynayıb Aslanın ruhuna ithaf edəcəyik. Onun üçün 70 illik yubiley də keçirəcəkdik. Bütün arzularımız yarım qaldı. Aslanın tamaşa üçün hazırlanmış geyimlərini də yəqin ki, teatr muzeyinə təqdim edəcəyik. Deyilənə görə sübh tezdən nəşi Azərbaycana gətiriləcək və Lerikdə dəfn olunacaq” deyə sənətkarın dostu bildirib.