İtaliyada ev pişiyinin qeyri-adi davranışı yaşayış binasında karbonmonoksit sızmasını aşkar etməyə kömək edib.
Xarici mediaya istinadən, hadisə ölkənin şimalındakı Treviso şəhəri yaxınlığında baş verib. 29 yaşlı qadın başgicəllənmə və halsızlıq hiss etməyə başlayıb, lakin səbəbini müəyyən edə bilməyib. Bu vaxt pişiyi dayanmadan və qeyri-adi dərəcədə ucadan miyovlayaraq onu həyəcanlandırıb.
Qadın həmin səhər işə getmək üçün evdən çıxıb. Yolda vəziyyəti pisləşdiyindən təcili yardım çağırıb. Həkimlər dəm qazından zəhərlənmədən şübhələnərək onu xəstəxanaya aparıblar. Müayinə ağır intoksikasiyanı təsdiqləyib.
Hadisə yerinə gələn yanğınsöndürənlər sızmanın səbəbini müəyyən ediblər. Təhlükənin mənbəyi işə salındıqda yüksək konsentrasiyalı dəm qazı buraxan nasaz qazan olub.