Üçtərəfli görüşdən nə çıxacaq? - Ukraynanı hansı aqibət gözləyir?…

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar gedir. Bu, fevralda Cenevrədə keçirilən görüşdən sonra üç ölkənin ilk belə görüşüdür.

Əbu-Dabi danışıqları Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün real imkan yaradırmı? ABŞ-nin vasitəçilik təşəbbüsü əvvəlki cəhdlərdən nə ilə fərqlənir?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüşün Ukrayna müharibəsinin dayandırılması istiqamətində hər hansı müsbət irəliləyişə yol aça biləcəyi inandırıcı görünmür: “Çünki mövcud şərtlər münaqişə tərəfləri arasında sülh sazişinin əldə olunmasına mane olur. Moskva Ukraynanın Rusiya nəzarətində olan ərazilərinin Rusiyaya verilməsinə və bunun legitim sərhəd dəyişikliyi kimi qəbul edilməsinə israr edir. Rəsmi Kiyev isə Ukraynanın bir qarış belə ərazisinin Rusiyaya güzəştə gedilməyəcəyini dəfələrlə vurğulayıb. Hələlik tərəflərin öz mövqelərindən geri çəkildiyini göstərən hər hansı əlamət yoxdur. Bu isə o deməkdir ki, danışıqlar masasında müzakirə olunan məsələlər münaqişəyə son qoyulması ideyası ilə ziddiyyət təşkil edir.

Belə şəraitdə sülh sazişi mümkünsüz görünür. Lakin burada əsas problem ondan ibarətdir ki, ABŞ Ukraynanın gələcək taleyini bu ölkənin mövqeyini nəzərə almadan və Avropa dövlətlərini prosesə yaxın buraxmadan Rusiya ilə birlikdə həll etməyə çalışır.

Ukraynanın hazırkı görüşdə iştirakı, əslində, formal xarakter daşıyır. Görünən odur ki, Ukrayna bu üçtərəfli görüşə daha çox Rusiyanın şərtlərinin təzyiq yolu ilə qəbul etdirilməsi üçün cəlb olunub.

Burada diqqətçəkən məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın Ukraynanın bundan sonra əvvəlki kimi olmayacağı barədə bəyanatıdır. Deməli, Ağ evdə Ukraynanın ərazi itkiləri, yəni işğal olunmuş ərazilərinin Rusiyaya verilməsi hesabına sülh sazişinin əldə olunmasını yeganə çıxış yolu hesab edirlər”.

E.Xalidbəyli qeyd edib ki, ABŞ faktiki olaraq Rusiyanın siyasi müttəfiqi kimi çıxış edir, Moskvanın şərtlərinin Ukrayna tərəfindən qəbul olunmasına çalışır və bunun üçün Kiyevə ciddi təzyiq göstərməyə cəhd edir: “Ümumilikdə belə qənaət yaranır ki, Rusiya Ukrayna üçün nə qədər təhlükəlidirsə, ABŞ da bir o qədər təhlükəlidir. Ukrayna xalqının gələcək taleyinin mənfi istiqamətdə müəyyənləşdirilməsində ABŞ-nin rolu Rusiyanın rolu ilə təxminən eyniləşmiş vəziyyətdədir.

Bu baxımdan hesab etmək olar ki, üçtərəfli görüş münaqişə tərəfləri arasında hansısa sülh sazişinin əldə olunmasına yol açarsa, bu, ABŞ və Rusiyanın təzyiqləri nəticəsində Ukraynaya təxminən kapitulyasiya aktı xarakterli bir sənədin imzaladılması demək olacaq.

Ukrayna belə bir sənədi imzalayarsa, sülh əldə oluna bilər. Əks halda, rəsmi Kiyev Ukrayna ərazilərini Rusiyaya güzəştə getməməkdə israr edərsə və ərazi güzəştlərinə razılaşmazsa, bu görüş də əvvəlkilər kimi heç bir nəticə vermədən başa çatacaq”.