Zaur Əliyev: Saatlıq əməkhaqqı bəzi sahələrdə daha çevik iş imkanları yaradacaq

Bir çox ölkədə saatlıq minimum əməkhaqqı aylıq minimum əməkhaqqının aylıq iş saatlarına bölünməsi əsasında hesablanır. Bəzi ölkələrdə isə bundan fərqli mexanizmlər tətbiq olunur.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O bildirib ki, istiqamətlər müəyyən edilərkən kənd təsərrüfatı, turizm, sənaye və yaşıl iqtisadiyyat kimi sahələr nəzərə alınacaq:

“Təbii ki, müvafiq istiqamətlər Nazirlər Kabineti tərəfindən müəyyən edilərkən konkret meyarlar əsas götürüləcək.

Bu sahələri ümumi şəkildə qeyd etməyimin səbəbi ondan ibarətdir ki, həmin istiqamətlərdə bəzən bir neçə saatlıq işçi qüvvəsinə ehtiyac yaranır. Belə hallarda işəgötürənin bir aylıq əmək müqaviləsi bağlamasına ehtiyac olmur.

Məsələn, turizm sahəsində bəzən bələdçiyə cəmi iki saatlıq ehtiyac yaranır. Bu zaman bir aylıq müqavilə həm işəgötürən, həm də işçi üçün müəyyən çətinliklər yaradır. Təklif olunan mexanizm tətbiq edildikdən sonra bu sahələrdə çalışan hər kəs üçün daha çevik imkanlar yaranacaq.

Gənclər baxımından da bu mexanizmin əhəmiyyətini qeyd etmək istərdim. Xaricdə tələbə yoldaşlarımızın bir çoxu universitetdən sonra bir neçə saatlıq işləyirdilər”.