The Economist: Tramp Ukraynada sülhə tələsir, Putin isə vaxt qazanmağa çalışır

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılması üçün danışıqları sürətləndirməyə çalışır. Rusiya Prezidenti Vladimir Putin isə müzakirələrin gündəliyini genişləndirərək əlavə güzəştlər əldə etməyə çalışır. Bu barədə “The Economist” nəşri yazır.

Nəşrin məlumatına görə, Trampın noyabrın 3-də keçirilən Konqres seçkilərində məğlubiyyəti Vaşinqtonun sülh danışıqlarını sürətləndirməsinə səbəb olub. Demokratların 2027-ci ilin yanvarında Konqresə nəzarəti ələ keçirməsi prezidentin əsas danışıqlar aparan nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.

Mənbələr bildirirlər ki, Rusiya hazırkı cəbhə xətti boyunca atəşkəs imkanına əvvəlkindən daha çevik yanaşır. Bununla belə, Moskva danışıqlara Avropanın ümumi təhlükəsizlik arxitekturasının da daxil edilməsini istəyir. Bu isə əlavə tələblərin irəli sürülməsi və prosesin uzanması riskini artırır.

“The Economist”in məlumatına görə, ABŞ-nin müzakirə etdiyi təkliflər arasında Ukraynanın inzibati sərhədlərinin dəyişdirilməsi də var. Bu variant Rusiyaya Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etdiyini elan etməyə, Ukraynaya isə hazırda nəzarətində olan əraziləri saxlamağa imkan verə bilər.

Digər təklif Rusiyanın Avropanın enerji bazarlarına qaytarılmasıdır. Lakin Kiyev və Avropa tərəfdaşları bu ideyaya qarşı çıxırlar.

Danışıqlarda əsas fikir ayrılıqları təhlükəsizlik zəmanətləri, Ukrayna ordusunun gələcək statusu və ölkənin bərpasının maliyyələşdirilməsi ilə bağlıdır.

Kiyev ən azı 800 min nəfərlik ordunun saxlanmasını və onillik maliyyə dəstəyini tələb edir. Moskva isə Ukraynanın neytral status almasını və silahlı qüvvələrinin məhdudlaşdırılmasını istəyir.

Qeyd edək ki, noyabrın 10-da Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə sülh danışıqları başlayıb. Tərəflər arasında əsas məsələlər üzrə razılıq hələ əldə olunmayıb.