“Bəyin oğurlanması” filmindən buna görə imtina edibmiş: “Gördüm ki, traktorçuyam -ürəyimə yatmadı” - ÖZƏL

“O vaxt məktub yazıb televiziyaya gətirirdilər. Özü də tamaşaçılar dönə-dönə tapşırırdılar ki, “bunu Sərxan Sərxana verin”. Mən də həmin məktubların hər birini tək-tək oxuyurdum. İnanın səmimiyyətimə, vaxtım yox idi, amma “ərinmirdim”. Hətta bir mahnımın sözlərini mənə məktubda yazmışdılar.. Məktubu yazan cavan oğlan idi. O bir qızı sevib və həmin məktubda qıza olan sevgisini nümayiş etdirmişdi. Qızın adı Xalidə idi. Təəssüf ki, Xalidə həyatını erkən itirmişdi. O məndən yazdığı sözlərə mahnı bəstələyib oxumağımı xahiş etmişdi. Mənim “Xalidə” mahnım belə yarandı. Özü də çox məşhur oldu.. Düzdür, kədərli mahnıdır. Bir çox konsertlərimdə olur ki, mənə məktub verirlər. Yaxınlaşıb götürürəm və sonradan mahnı bəstələyirəm”.

Bunu açıqlamasında Xalq artisti Sərxan Sərxan deyib. O daha sonra “Bəyin oğurlanması” filminə ona dəvət gəldiyini amma çəkilməkdən imtina etdiyini bildirib.

Xalq artisti illər sonra bunu etiraf etməkdən də çəkinməyib:

“O vaxt “Bəyin oğurlanması” filmində baş rollardan birini oynayacaqdım. Film ümumiyyətlə musiqili nəzərdə tutulmuşdu. Hətta bu ekran əsəri üçün xüsusi musiqilər də yazılmışdı. Düzü bir o qədər də həvəsli deyildim. Senarini oxudum, gördüm ki, traktorçuyam. Nəsə ürəyimə yatmadı. Sonra elə oldu ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişiklik oldu və filmi Tofiq İsmayılovdan alıb digər rejissora verdilər. Onsuz da Tofiq müəllim deyirdi ki, “Sərxan, sən çəkilməsən, mən bu filmi çəkməyəcəm”. O çəkmədiyinə və senarini bəyənmədiyimə görə imtina etdim. Hətta o vaxt kinoya rəhbərlik edən şəxslər zəng edib deyirdilər ki, “siz niyə çəkilmək istəmirsiniz?”. Deyirdim ki, mən müğənniyəm, aktyor deyiləm, senari xoşuma gəlmir. İndi həmin filmi tez-tez göstərirlər”.

Sərxan Sərxan ona tez-tez ünvanlanan sualdan da danışıb:

“Tez-tez soruşurlar ki, necə belə cavan qala bilirsiz? Bu sualı mənə hər dəfə verirlər. Deyirəm ki, məni yaşadan sənətimdir. Bir də tamaşaçıların mənə qarşı olan münasibəti. Bu məsuliyyəti hiss edib özümü formada saxlayıram. Səhnə enerjini, cavanlığı, gözəlliyi sevir. Mən tez-tez tədbirlərdə, xüsusi gecələrdə iştirak edirəm. Xanımlar mənə tez-tez yaxınlaşıb deyir ki, “nəvəmə sizin adınızı vermişəm”, “oğluma sizin adınızı vermişəm”. Bu mənə həqiqətən də xoş gəlir”.