Məlum olduğu kimi əksər naviqasiya tətbiqlərində yol hərəkəti iştirakçısı olan sürücülər üçün yollarda anlıq təhlükə və tənzimləmə barədə məlumatların yerləşdirilməsi imkanları mövcuddur. Bu imkanlar sırf tətbiqin müəyyən bonus sisteminə bağlı olduğu üçün bir sıra hallarda bəzi sürücülərin yol hərəkəti zamanı qarşılaşdığı halları tətbiqdə dərhal qeyd etməsi mümkündür.
Qeyd etmək lazımdır ki, bəzən tətbiqlərdə yol polisinin dayanması yeri və ya yaxınlıqda olması kimi məlumatları da yerləşdirməyə şərait yaradılır. Bu məlumatın həm təhlükəsizlik, həm də ictimai asayişə dəstək məqsədilə olması tətbiqlərdə öz əksini tapsa da, bir sıra ölkələrdə bu məlumatın verilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunmaqdadır.
Belə ki, Almaniya və Fransa kimi ölkələrdə həmin tətbiqlərdə polisin özünün yeri barədə məlumatı silmək, hətta hərəkət zamanı bu tətbiqlərdə istifadə ilə bağlı sürücünün barəsində cərimə tətbiq etmək səlahiyyəti də mövcuddur.
Almaniyada sürücünün əvəzinə sərnişinin tətbiqdən istifadə edərək radar barədə sürücünü məlumatlandırması halında da, xeyrinə məlumat olduğu üçün sürücünün cəzalandırılması nəzərdə tutula bilir.
Ölkə qanunvericiliyinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs cinayətin törədilməsində köməkçi hesab olunur. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, cinayət məsuliyyətinin yaranması üçün bu məlumatın həqiqətən də cinayətin baş verməsinə kömək üçün verilməsi sübuta yetirilməlidir.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, (İXM 342.6) Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir.