Kuşner Əbu-Dabidəki danışıqları konstruktiv hesab edir

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli əlaqələri konstruktiv adlandırıb.

O, X hesabında yazıb: "Bugünkü konstruktiv danışıqlar bizi ruhlandırır. Prezidentin göstərişi ilə biz bu dağıdıcı müharibəyə son qoymaq və Ukraynanın suverenliyini, təhlükəsizliyini və rifahını, eləcə də Avropada davamlı sülhü təmin etmək üçün lazımi təhlükəsizlik tədbirlərini inkişaf etdirmək üzərində çalışırıq".

Kuşner qeyd edib ki, Vaşinqton bu prosesin Avro-Atlantik regionu üçün yeni təhlükəsizlik arxitekturası ilə nəticələnəcəyinə ümid edir: "Avropalı tərəfdaşlarımızla birlikdə biz yalnız Ukrayna ilə müharibəyə son qoymaq istəmirik. Biz növbəti əsrdə - ümid edirik ki, bütövlükdə Avropada - müharibələrdən qaçınmaq üçün bir yol tapmaq istəyirik. Biz müharibədən sonrakı təhlükəsizlik münasibətləri üzərində işləmək istəyirik. Keçmişdə bu sahədə bir çox fərqli müqavilələr hazırlanıb və bir çox fərqli strukturlar mövcuddur. Lakin nəsə işləmir. Məhz buna görə də Avropa müharibənin beşinci ilindədir".

O, əlavə edib ki, ABŞ-nin fikrincə, ümumavropa təhlükəsizlik arxitekturasına müvafiq əlavə və dəyişikliklər lazımdır.