Antalya, 10 noyabr, AZƏRTAC COP31-də iştirakımızı Azərbaycanda 2024-cü ildə keçirilən COP29 zirvəsinin davamı kimi qiymətləndiririk. Ölkəmizin COP29 prezidentliyi dövründə üç vacib enerji təşəbbüsü vardı. Bunlardan birincisi enerji dəhlizləri və “yaşıl enerji” zonaları ilə bağlı idı. Digər təşəbbüslər şəbəkə və saxlanış sistemləri ilə hidrogen sahələrini əhatə edirdi. Bu fikri Antalyada COP31 çərçivəsində AZƏRTAC-a açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın “yaşıl enerji” zonaları ilə bağlı təşəbbüsü hələ 2024-cü ildə həm regionda həm dünya miqyasında böyük maraq doğurmuşdu.“Bu gün COP-31 zamanı biz artıq görürük ki, Azərbaycanın təşəbbüslərinə dəstək daha da artıb. Regionda vacib layihələr həyata keçirilir. Mərkəzi Asiya, Xəzər, Türkiyə və Qara Dəniz regionları birləşir. İlk dəfə olaraq biz Azərbaycanı Xəzər üzərindən elektrik xətti ilə Mərkəzi Asiya ilə birləşdirəcəyik”, - deyə nazir müavini qeyd edib. Türkiyə-Azərbaycan əlaqələrinə diqqət çəkən O.Zeynalov bildirib ki, Ankara ilə Bakı ənənəvi enerji sahəsində əməkdaşlıq etdikləri kimi, yaşıl enerji sahəsində də lider rolunu oynayırlar. “Bu əməkdaşlıq təkcə Avropanın deyil, digər regionların da enerji təchizatı, o cümlədən yaşıl enerji təchizatının təmin edilməsinə töhfə verəcək”, - deyə nazir müavini vurğulayıb.O.Zeynalov bu gün Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası Sazişi çox vacib sənəd adlandırıb: “Yeni enerji dəhlizinin yaradılmasını nəzərdə tutan hökumətlərarası Sazişə əsasən, elektrik enerjisinin quru xətti ilə Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə və Bolqarıstan üzərindən Avropaya ötürülməsi planlaşdırılır. Mövcud infrastrukturun təkmilləşdirilməsi və həcmin artırılması nəzərdə tutulur. Bu dəhlizdə iştirak edən bütün ölkələr layihədən faydalanacaq”.Naxçıvan üzərindən Azərbaycan-Türkiyə interkonnektoru ilə bağlı fikirlərini də bölüşən O.Zeynalov bildirib ki, sözü gedən strateji layihə ilə bağlı texniki-iqdisadi əsaslandırma artıq bitib: “Bir qiqavat enerjinin TRİPP və Naxçıvan üzərindən Türkiyəyə ixracı artıq müzakirə olunur. Son təhlillər göstərir ki, Türkiyənin qərb bölgələrində, xüsusilə İstanbula yaxın ərazilərdə, bu 1 qiqavat enerjiyə böyük tələbat ola bilər. Kommersiya baxımından da bu uğurlu layihədir”.Nazir müavini, eyni zamanda, yaşıl enerji əməkdaşlığının genişləndirilməsi məsələsinə diqqət çəkib: “Azərbaycan-Gürcüstan-Bolqarıstan-Ruminiya dəhlizinə Türkiyənin qoşulması müzakirə edilir. Türkiyənin də bu layihədə iştirakı təşəbbüsə əlavə dəyər qatacaq. Ümumilikdə baxdığımızda bu dəhlizlər bir-birini tamamlayır. Qazaxıstan-Özbəkistan-Azərbaycan dəhlizindən gələn enerji Qara dəniz üzərindən, perspektivdə isə Zəngəzur dəhlizi ilə Naxçıvan üzərindən Türkiyəyə də ötürülə bilər”.O.Zeynalov sözü gedən xətlərin sadəcə enerji ötürülməsi üçün deyil, həm də enerji çatışmazlığı olduğunda ölkələrin enerji sistemlərinin birləşdirilməsi demək olduğunu ifadə edib. Onun sözlərinə görə, Xəzər-Qara dəniz-Avropa lahiyəsi daha irəli saviyyədədir. Çünki layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb. Oktyabrın 22-də Bakida investorlarla böyük görüşün keçirildiyini xatırladan nazir müavini, özəl sekror təmsilciləri ilə enerji dəhlizlərinin imkanlarını müzakirə etdiklərini bildirib. “Hədəf 2028–2029-cu illərdə yekun investisiya qərarının qəbul edilməsi və 2032-ci ildə birinci xəttin istifadəyə verilməsidir. Bu birinci xəttin ötürmə gücünün 1,3 giqavat olması nəzərdə tutulur”.Nazir müavini Avropada enerjiyə tələbatın olduğunu da qeyd edib: ”Mərkəzi Avropada enerji qiymətlərini nəzərə alsaq, Azərbaycan üzərindən dəhlizlərlə ötürüləcək enerjinin yekun qiyməti kifayət qədər rəqabətqabiliyyətli olacaq. Bu da layihəyə böyük marağın olduğunu göstərir. Almaniya və digər Avropa ölkələrindən şirkətlər uzunmüddətli enerji alışı ilə bağlı maraqlarını bildirirlər”. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya