“Napoli” Massimiliano Alleqri ilə çox çətin dönəmdən keçir.
Neapollular Çempionlar Liqasında 4 turun 3-də uduzublar. A seriyasında isə 10 oyuna cəmi 14 xal toplayan komanda indidən liderdən 14 xal geridədi. Son olaraq səfərdə “Portu” ilə qarşılaşmada yaşananlar bir daha göstərdi ki, kollektivin daxilində ab-hava heç də qaydasında deyil. Nəticə və sərgilənən bərbad performans qədər futbolçular arasında gərginlik də oyuna damğa vurdu.
İlk qığılcım oyunun gedişində Kevin De Bruyne ilə Lorentso Lukka arasında yaşandı. Hesab 1:3 olarkən De Bruyne komanda yoldaşının yanlış yerə açıldığını iddia edərək ona narazılığını bildirdi. Lukka isə De Bruyneyə yaxınlaşaraq “nə danışırsan? Rədd ol get” cavabını verdi. Onların az qala baş-başa gəlməsi canlı yayında da göründü. Özü də Lukka “rədd ol get” ifadəsini bir neçə dəfə təkrarladı.
Oyundan sonra isə Matteo Politanonun açıqlamaları diqqəti çəkdi. 33 yaşlı təcrübəli vinger komanda yoldaşlarının da üzərlərinə məsuliyyət götürməsini istəyərək bunları dedi:
“Çox əsəbiyəm. Günahı özümüzdə axtarmalıyıq. Sadəcə, susmalı və üzərimizdə daha çox çalışmalıyıq. Hər dəfə kamera qarşısına mən keçirəm. Digər komanda yoldaşlarımın da mətbuat önünə çıxıb açıqlama verməsini istərdim. Həmişə biz italiyalılar danışmalı deyilik”.
Alleqri mətbuat konfransında ilk 70 dəqiqədə yaxşı oynadıqlarını desə də, Rasmus Höylunn bununla razılaşmadı:
“Bu sözlərlə razı deyiləm. Düzdü, lap da bərbad deyildik. Amma biz yersiz qollar buraxmaq özəlliyindən vaz keçməli və ən əsası qələbələr qazanmağa başlamalıyıq. Bu mövsüm artıq hədsiz çox oyunda uduzmuşuq. Əsəbi və üzgünəm. Düşdüyümüz bu duruma görə oyunçular və məşqçilər korpusu da daxil olmaqla hər birimiz məsuliyyət daşıyırıq. Çətin dönəmdən keçirik. Amma üzərimizdə işləməkdə davam etməli və birlikdə hərəkət etməliyik”.
Komandanın lideri Skott Maktominey isə bunları dedi:
“Həqiqətən də əsəbiyəm. Zədəlilərimiz çoxdu. Başa düşürəm ki, futbolda belə şeylər olur. Amma bu mövsüm bizdə zədəli futbolçuların sayı həmişəkindən daha çoxdu. Yeganə edə biləcəyimiz şey başımızı aşağı salıb yolumuza davam etməkdi. Sayımız az olsa da, bir reaksiya verməliyik”.
“Napoli”nin bu durumdan necə çıxacağı maraq doğurur. Neapolluları bu həftə evdə lider “Latsio”ya qarşı mühüm oyun gözləyir. “Napoli” Cennaro Qattuzonun çalışdırdığı romalılara ilk məğlubiyyəti yaşatmağa və zirvə ilə xal fərqini 11-ə endirməyə çalışacaq.