Zaqatalada "Əfsanəvi rembo" ləqəbli komandirin büstü ucaldıldı - FOTO

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının adını daşıyan məktəbdə onun büstü ucaldılıb.

Bu gün Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun büstünün açılış mərasimi baş tutub.

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edib. Tədbirdə Şixamir Qaflanovun və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın şərəfli döyüş yolundan, göstərdikləri misilsiz igidlik və fədakarlıqdan bəhs edilib. Çıxış edənlər də öz fikirlərində şəhidlərimizin Vətən qarşısındakı əvəzsiz xidmətlərini, onların qəhrəmanlığının gələcək nəsillər üçün daim örnək olacağını vurğuladılar. Bildirilib ki, bu büst onun əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə də mühüm töhfə verəcək.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Vətən Müharibəsi qəhrəmanı Şixamir Qaflanov 1983-cü ildə Zaqatalanın Üçüncü Tala kəndində dünyaya göz açıb. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Qaflanova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.