Bolqarıstanda sıx duman səbəbindən Trakiya şossesində təxminən 70 nəqliyyat vasitəsinin iştirakı ilə iki ayrı zəncirvari qəza baş verib.
Ilkin məlumatlara görə, hadisələr nəticəsində 11 nəfər həyatını itirib, 48 nəfər yaralanıb.
Qəzalar yerli vaxtla səhər saat 07:00 radələrində Yambol şəhəri yaxınlığındakı Zimnitsa qovşağı ərazisində qeydə alınıb. Görmə məsafəsinin kəskin azalması nəticəsində minik avtomobilləri və ağır tonnajlı nəqliyyat vasitələri toqquşub.
Sliven vilayətinin qubernatoru Mixail Kaşerov qəzaların ümumilikdə təxminən 70 nəqliyyat vasitəsini əhatə etdiyini bildirib. Hadisədən sonra Trakiya şossesi hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Xilasetmə əməliyyatlarına Yambol, Sliven və Burqasdan təcili yardım briqadaları, 14 yanğınsöndürmə qrupu və tibbi helikopter cəlb edilib. Yaralıların xəstəxanalara çatdırılması üçün əlavə nəqliyyat vasitələrindən də istifadə olunur.
Bolqarıstan Müdafiə Nazirliyi yaralıların daşınmasına kömək məqsədilə Burqasa “Spartan” tipli hərbi yük təyyarəsinin göndərildiyini açıqlayıb. Bölgədə sürücüləri təhlükə və alternativ yollar barədə məlumatlandırmaq üçün BG-ALERT xəbərdarlıq sistemi də işə salınıb.
Hadisə yerində axtarış-xilasetmə işləri və araşdırmalar davam edir.