Ukraynada görünməyən qarşıdurma: sülhə kim mane olur?

“Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) sülh danışıqlarını pozmağa və ABŞ Prezidenti Donald Trampın komandasına zərər vurmağa çalışır”,

Bunu Ukraynanın sabiq baş prokuroru Ruslan Kravçenko Amerikanın “Washington Examiner” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, NABU və SAP Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsində hakimiyyət nümayəndələrinə qarşı araşdırmaları məqsədyönlü şəkildə aktivləşdirir.

Nəticədə Ukrayna nümayəndə heyətinin üzvləri razılaşmalar əldə etmək əvəzinə, öz təhlükəsizlikləri və mümkün cinayət təqibləri barədə düşünməyə məcbur qalırlar.

“Bundan yalnız Rusiya qazanır. NABU və SAP-ın əsas məqsədi Ukrayna prezidentinin və onun komandasının heç bir nəticə əldə etməməsi, həmçinin Trampın danışıqlar aparan nümayəndələrinin də uğur qazana bilməməsidir”, – deyə Kravçenko bildirib.

Sabiq baş prokuror hesab edir ki, bu qurumlar hansısa üçüncü tərəfin göstərişi ilə hərəkət edir və məqsədyönlü şəkildə ABŞ liderinə mane olmağa çalışırlar.

Onun fikrincə, məqsəd bütün sülh razılaşmalarını pozmaq və başqa bir ölkəyə fayda verməkdir.