Kardioloq damar sağlamlığını qorumağın vacib yollarını açıqlayıb

Damar sağlamlığının qorunması üçün qanda şəkər və insulin səviyyəsinin sabit saxlanılması mühüm əhəmiyyət daşıyır.

Bu barədə rusiyalı kardioloq, tibb elmləri namizədi Tatyana Maşina açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, damarların vəziyyəti yalnız xolesterin səviyyəsi və arterial təzyiqlə deyil, həm də orqanizmin qəbul edilən qidalara reaksiyası ilə sıx bağlıdır.

Maşina qeyd edib ki, şirin içkilər, un məmulatları və ağ çörək kimi rafinə edilmiş karbohidratların qəbulu qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olur. Buna cavab olaraq mədəaltı vəzi insulin ifrazını artırır. Bu prosesin mütəmadi təkrarlanması isə damarların daxili səthinə — endotelə əlavə yük yaradır.

Kardioloqun fikrincə, belə hallarda damar divarlarında oksidləşdirici stress və iltihabi proseslər güclənir. Nəticədə ateroskleroz və digər ürək-damar xəstəliklərinin inkişaf riski arta bilər.

O bildirib ki, elmi araşdırmalar da qanda şəkərin kəskin dəyişməsinin damarların normal fəaliyyətinə mənfi təsir göstərdiyini və oksidləşdirici stressi artırdığını təsdiqləyir. Eyni zamanda, qidalanmada yüksək qlisemik yükün ürəyin işemik xəstəliyi riski ilə əlaqəli olduğu müəyyən edilib.

Damar sağlamlığı üçün necə qidalanmaq lazımdır?

Mütəxəssis qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almaq üçün liflə zəngin qidaların gündəlik rasionda üstünlük təşkil etməsini tövsiyə edib.

Onun sözlərinə görə, tərəvəzlər, paxlalılar və tam taxıl məhsulları karbohidratların mənimsənilməsini ləngidərək qlükoza səviyyəsinin daha sabit qalmasına kömək edir.

Bundan əlavə, həkim hər yeməkdə zülal mənbələrinin olmasının vacibliyini vurğulayıb. Zülal karbohidratların sürətli mənimsənilməsini ləngidərək qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir.

Kardioloq fiziki aktivliyin də damar sağlamlığında mühüm rol oynadığını bildirib. Hətta qısa müddətli gəzintilərin belə gündəlik hərəkətliliyin artırılmasına töhfə verdiyini qeyd edib.

Maşina vurğulayıb ki, düzgün qidalanma tibbi müalicəni əvəz etmir, lakin ürək-damar xəstəliklərinin profilaktikasının əsas istiqamətlərindən biridir. Bununla yanaşı, arterial təzyiq və xolesterin səviyyəsinə nəzarət, siqaretdən imtina, müntəzəm fiziki aktivlik və sağlam yuxu rejimi də damarların qorunmasında mühüm əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az