Antalya, 10 noyabr, AZƏRTAC Türkiyə COP31-ə ev sahibliyi etməklə Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində topladığı təcrübədən bəhrələnir və bu əməkdaşlıq vasitəsilə dünyaya mühüm mesajlar verilir. İqlim dəyişikliyi ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın həll etməli olduğu ümumi problemdir. Türkiyənin COP31-ə ev sahibliyi etməsi də BMT platforması çərçivəsində bu məsələnin beynəlxalq gündəmdəki əhəmiyyətini artırmağa, dövlətlərin, elmi dairələrin, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin diqqətini iqlim böhranına çəkməyə xidmət edir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Muzaffer Şeker ifadə edib. Professor qeyd edib ki, temperatur dəyişikliklərinin intensivləşməsi, güclü yağıntılar, fırtınalar, meşə yanğınları, daşqınlar və zəlzələlər planetin ekoloji tarazlığına ciddi təsir göstərir. Bu proseslər kənd təsərrüfatı, heyvandarlıq və insanların sağlamlığı üçün də müxtəlif təhlükələr yaradır.“Bütün bunlar bizi ətraf mühitə daha həssas yanaşmağa, ekoloji cəhətdən təmiz fəaliyyət üsullarına, materiallara və texnologiyalara üstünlük verməyə sövq etməlidir. Yer kürəsinin qorunması, ekosistemin davamlılığının təmin edilməsi və gələcəkdə yarana biləcək problemlərə qarşı birgə tədbirlərin görülməsi ümumi məsuliyyətimizdir.Sağlam həyat üçün təmiz hava, keyfiyyətli su və təhlükəsiz qida məhsulları xüsusi əhəmiyyət daşıyır. Bu məsələlər “Vahid Sağlamlıq” (One Health) yanaşmasının əsas istiqamətlərindəndir. Alimlər olaraq məqsədimiz mövcud problemlərə elmi əsaslı həll yolları tapmaqdır. Bu baxımdan ətraf mühitin mühafizəsi, səhiyyə, iqtisadiyyat və enerji kimi sahələrdə qarşılaşdığımız ümumi çağırışları müzakirə etmək və onların aradan qaldırılması istiqamətində əməkdaşlıq imkanlarını genişləndirmək istəyirik”, – deyə Muzaffer Şeker bildirib.Azərbaycanla Türkiyənin elmi tədqiqatlar sahəsində əlaqələrinə də toxunan professor bu əməkdaşlığın artıq müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O, COP31 çərçivəsində Mavi Zonada Azərbaycan və Türkiyə pavilyonlarının bir-birinin yaxınlığında yerləşməsini də rəmzi və əlamətdar hadisə kimi qiymətləndirib: “Azərbaycan və Türkiyə liderlərinin noyabrın 8-də Şuşada görüşməsi bir daha göstərdi ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri heç bir maneə ilə sarsıla bilməz. Bu birlik və həmrəylik münasibətlərimizin möhkəmliyini və əbədiliyini nümayiş etdirir. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk dünyası üçün də nümunə təşkil edir”. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya