Putinə danışıqların gedişi barədə nə vaxt məlumat veriləcək?

Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların gedişindən asılı olaraq Prezident Vladimir Putinə məlumatın hansı formada və nə qədər tez-tez çatdırılacağına qərar verəcək.

RİA Novosti-yə istinadən, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Jurnalistlər ondan Əbu-Dabidəki danışıqlar iştirakçılarının Putinlə müzakirələrin gedişi barədə operativ şəkildə, yoxsa bütün məsələlər yekunlaşdıqdan sonra ümumi hesabat formasında məlumat paylaşacaqlarını soruşublar.

Peskov cavabında bildirib ki, bu məsələdə qərar danışıqların gedişatına uyğun veriləcək.

Qeyd edək ki, daha əvvəl RT-yə danışan mənbə Əbu-Dabidəki görüşlərdə hələlik Rusiya ilə NATO arasındakı münasibətlərin müzakirə olunduğunu bildirib.

Xatırladaq ki, noyabrın 10-da Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması prinsiplərinin müzakirəsi məqsədilə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin üçtərəfli danışıqları başlayıb.