Bakı, 10 noyabr, AZƏRTAC Bu gün Rusiya - Ukrayna müharibəsinin dayandırılması istiqamətində Əbu-Dabidə (BƏƏ) növbəti diplomatik görüş keçirilir. Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların əsas məqsədi müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi və tərəflər arasında mümkün razılaşma üçün ortaq mövqelərin tapılmasıdır.AZƏRTAC xəbər verir ki, noyabrın 10-11-də keçiriləcək görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu, fevral ayından sonra Rusiya və Ukrayna nümayəndələrinin ABŞ vasitəçiliyi ilə yenidən üçtərəfli formatda bir araya gəlməsidir. Bununla belə, danışıqlar ərəfəsində tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır. Görüşdən əsas gözlənti dərhal sülh müqaviləsinin imzalanması deyil, gələcək razılaşmanın əsas şərtləri üzrə müzakirələrin yenidən başlanmasıdır.“Associated Press” agentliyinin məlumatına əsasən, Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə xarici işlər nazirinin müavinləri, hərbi və kəşfiyyat strukturlarının yüksək vəzifəli nümayəndələri də yer alır. Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edir. ABŞ tərəfini isə Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.Görüşün diqqətçəkən məqamlarından biri də Avropa ölkələrinin prosesdə iştirakıdır. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avropa İttifaqı və NATO nümayəndələri də Əbu-Dabi görüşünə qatılıblar.Moskva Avropa nümayəndələrinin üçtərəfli danışıqlara birbaşa qoşulmasına qarşı çıxır. Kiyev isə Avropanın təhlükəsizlik məsələlərinə dair qərarların qəbulunda iştirakını vacib hesab edir.Görüşün gündəliyində bir-biri ilə sıx bağlı olan bir neçə mühüm məsələ dayanır. Ərazi məsələsi əsas mübahisə predmetidir. Rusiya ilə Ukrayna arasında razılaşmanın qarşısındakı ən ciddi maneələrdən biri məhz budur. Moskva Donbasın, xüsusilə Donetsk vilayətinin Ukrayna nəzarətində qalan hissələrinin Rusiyaya verilməsini tələb edir. Kreml daha əvvəl də Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsini və ölkənin hərbi imkanlarına məhdudiyyətlər qoyulmasını gündəmə gətirib.Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin ərazi bütövlüyü ilə bağlı güzəştləri qəbul etmədiyini bildirir. Kiyevin mövqeyinə görə, Ukrayna ordusunun müdafiə etdiyi ərazilərin gələcək taleyi ilə bağlı qərarlar təhlükəsizlik təminatlarından ayrı müzakirə edilə bilməz. ABŞ nümayəndələri ərazi məsələsində müəyyən kompromis imkanlarının olduğunu düşünürlər. Lakin Ukrayna rəsmiləri ərazi güzəştlərinə razılıq verilməsi ehtimalını açıq şəkildə təkzib edirlər. Kiyev üçün müharibənin dayandırılması qədər vacib olan digər məsələ gələcəkdə Rusiyanın yenidən hərbi müdaxiləsinin qarşısını alacaq təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Ukrayna müharibədən sonra ölkənin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq etibarlı beynəlxalq təminatların verilməsində maraqlıdır. ABŞ administrasiyası da danışıqlarda bu məsələyə xüsusi diqqət ayırır. Vaşinqtonun yanaşmasına əsasən, mümkün sülh razılaşması yalnız atəşin dayandırılmasını deyil, həm də müharibədən sonrakı təhlükəsizlik sisteminin formalaşdırılmasını əhatə etməlidir.Danışıqlarda atəşkəs məsələsinin də mühüm yer tutacağı şübhəsizdir. Son dövrlərdə enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı əldə olunan razılaşma heç bir nəticə verməyib. Rusiya Ukraynanın elektrik enerjisi infrastrukturuna və şəhərlərinə zərbələr endirir, Ukrayna isə Rusiyanın neft emalı obyektlərinə dronlarla hücumlarını artırıb. Bu baxımdan, Əbu-Dabi görüşündə hərbi eskalasiyanın qarşısının alınması üçün konkret mexanizmlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.Bu görüşün əvvəlki danışıqlardan fərqlənən mühüm cəhətlərindən biri də müzakirələrin yalnız Rusiya–Ukrayna münasibətləri ilə məhdudlaşmamasıdır. “Reuters” agentliyinin yaydığı məlumata görə, Rusiya nümayəndə heyətindəki mənbə danışıqların əsas istiqamətlərindən birinin Avropa üçün yeni təhlükəsizlik çərçivəsinin hazırlanması olduğunu bildirib.Moskva hesab edir ki, Avropada uzunmüddətli sabitlik üçün yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Lakin bu yanaşma Qərb dövlətlərinin hamısı tərəfindən eyni şəkildə qəbul edilmir. Xüsusilə NATO-nun genişlənməsi, Avropada hərbi qüvvələrin yerləşdirilməsi və Ukraynanın gələcək təhlükəsizlik statusu ilə bağlı fikir ayrılıqları qalır. Avropa ölkələrinin narahatlığı ondan ibarətdir ki, qitənin təhlükəsizlik gələcəyi ilə bağlı qərarlar onların birbaşa iştirakı olmadan qəbul edilməməlidir.Donald Tramp administrasiyası müharibənin diplomatik yolla başa çatdırılmasını prioritet istiqamətlərdən biri kimi təqdim edir. ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 9-da bildirmişdi ki, Vaşinqtonun səyləri dörd əsas istiqamətə yönəlib: hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatlarının hazırlanması, Ukraynanın iqtisadi bərpası və gələcək inkişafı üçün planın formalaşdırılması, eləcə də humanitar məsələlərin həlli. C. Kuşnerin sözlərinə görə, məqsəd uzunmüddətli və dayanıqlı sülhə nail olmaq, Ukraynanın təhlükəsizliyini təmin etmək və ölkənin müharibədən sonrakı bərpası üçün şərait yaratmaqdır. ABŞ eyni zamanda Avropa dövlətləri ilə də məsləhətləşmələr aparır. Bu isə Vaşinqtonun mümkün razılaşmanın yalnız iki ölkə arasındakı münasibətləri deyil, daha geniş regional təhlükəsizlik məsələlərini də əhatə etməsinə çalışdığını göstərir.Hazırkı vəziyyətdə Əbu-Dabi danışıqlarından üç mümkün nəticə istiqamətini qeyd etmək olar. Birinci istiqamət – danışıqların davam etdirilməsi. Tərəflər ərazi, təhlükəsizlik və atəşkəs məsələlərində razılığa gələ bilməsələr də, diplomatik təmasların bərpası özü müəyyən əhəmiyyət daşıyır. Bu halda növbəti görüşlərin keçirilməsi və danışıqlar mexanizminin formalaşdırılması gündəmə gələ bilər ki, bu da sülhün nə vaxtsa əldə olunacağı ümidini yaradır. İkinci istiqamət – məhdud razılaşmaların əldə edilməsidir. Əsirlərin dəyişdirilməsi, enerji infrastrukturuna hücumların dayandırılması, humanitar məsələlər və Qara dənizdə təhlükəsizlik kimi konkret mövzularda razılıq əldə olunması mümkündür. Belə razılaşmalar ümumi sülh müqaviləsi üçün ilkin zəmindir. Üçüncü istiqamət – geniş siyasi razılaşmaya doğru addımların atılmasıdır. Əgər tərəflər ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı ortaq mövqeyə yaxınlaşa bilsələr, daha geniş sülh danışıqlarına keçid mümkün olacaq. Lakin hazırda bu məsələlər üzrə ciddi ziddiyyətlər mövcuddur.Almaniyanın DW telekanalına müsahibə verən ukraynalı deputat Davıd Araxamiya danışıqlardan böyük irəliləyişin olmayacağını bildirib. Lakin uzun fasilədən sonra danışıqların bərpası faktı müəyyən nəticə sayıla bilər.Əslində, Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı problemin əsasını tərəflərin müharibədən sonrakı siyasi və təhlükəsizlik reallıqlarına fərqli yanaşmaları təşkil edir. Rusiya əldə etdiyi ərazilərin gələcək statusunun və Ukraynanın hərbi-siyasi istiqamətinin dəyişdirilməsini istəyir. Ukrayna isə ərazi bütövlüyünün qorunmasını, suveren qərarvermə hüququnu və gələcək təhlükəsizliyinə beynəlxalq təminatların verilməsini tələb edir. ABŞ bu ziddiyyətlər arasında kompromis tapmağa çalışır. Digər tərəfdən, Avropanın prosesdə iştirakı da mühüm amildir. Çünki müharibədən sonra Ukraynanın təhlükəsizliyi, NATO-nun şərq cinahının müdafiəsi və Avropada hərbi balans məsələləri birbaşa Avropa dövlətlərinin maraqlarına toxunur.Beləliklə, Əbu-Dabi görüşünü Rusiya–Ukrayna müharibəsinin həlli istiqamətində sülh olmasa da, mühüm diplomatik cəhd kimi qiymətləndirmək olar. Əsas məsələ tərəflərin siyasi bəyanatlardan konkret razılaşmalara keçə bilməsidir. Əgər Əbu-Dabidə ərazi məsələsi, təhlükəsizlik təminatları və atəşkəs mexanizmləri üzrə müəyyən ortaq məxrəc tapılarsa, bu, gələcək danışıqlar üçün yeni imkanlar açacaq. Mühüm məqam isə ondan ibarətdir ki, müharibənin başa çatması təkcə silahların susması demək deyil. Həm Rusiya, həm də Ukrayna üçün qəbul edilə bilən, təhlükəsizlik baxımından davamlı və beynəlxalq səviyyədə təminatlandırılmış razılaşma əldə olunmalıdır. Əbu-Dabi danışıqlarının əsl sınağı da məhz bu olacaq. Müəllif: Rabil Kətanov