İranın özünü İslam dünyasının müdafiəçisi, müsəlmanların hamisi, dini dəyərlərin keşikçisi kimi təqdim edən hakimiyyətinin əsl siması bir daha üzə çıxdı. İrəvanda Azərbaycanın tarixi-mədəni irsi olan Göy məsciddə baş verənlər Tehran rejiminin hansı siyasi və mənəvi prinsiplərlə hərəkət etdiyini göstərən növbəti rüsvayçı nümunədir.
İranın vitse-prezidenti Həmid Purməhəmmədinin iştirakı ilə məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi, ardınca Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsinin təqdim olunması, yaxın gələcəkdə isə həmin məkanda erməni şairin büstünün qoyulmasının planlaşdırılması təsadüfi mədəni tədbir kimi təqdim edilə bilməz. Söhbət Azərbaycanın tarixi irsi üzərində başqa bir xalqın adının və simvollarının yerləşdirilməsindən, üstəlik, bunu İran dövlətinin yüksək səviyyəli nümayəndəsinin iştirakı ilə həyata keçirməkdən gedir. Burada əsas məsələ bir şairin adının hansısa zala verilməsi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, söhbət müsəlmanların ibadət yeri olmaqla yanaşı, Azərbaycan xalqının İrəvandakı tarixi-mədəni varlığının canlı nişanələrindən biri olan Göy məsciddən gedir. Bu abidənin tarixi kiməsə xoş gəlsə də, gəlməsə də dəyişmir. Onun Azərbaycanla bağlılığını heç bir siyasi oyun, diplomatik manevr və mədəni tədbir aradan qaldıra bilməz. İran hakimiyyəti isə bu həssas məkanda atdığı addımla Azərbaycanın milli yaddaşına, tarixi irsinə və milyonlarla insanın mənəvi dəyərlərinə qarşı açıq hörmətsizlik nümayiş etdirir. Daha dəhşətlisi odur ki, bu addım özünü İslam Respublikasının rəhbərliyi kimi təqdim edən, hər fürsətdə dini şüarlardan istifadə edən bir hakimiyyətin himayəsi və iştirakı ilə baş verir. İslamın müqəddəs məkanına münasibətdə siyasi məqsədlərin önə çəkilməsi, məscidin tarixi kimliyinin arxa plana keçirilməsi, onun üzərindən başqa siyasi-mədəni mesajların verilməsi dinə sədaqət deyil, dini siyasi alətə çevirməyin növbəti nümunəsidir. Məscidlər xalqları bir-birinə qarşı qaldırmaq, tarixi həqiqətləri kölgədə qoymaq, kiminsə milli kimliyini silmək üçün istifadə olunmalı məkanlar deyil. Özünü İslamın dayağı adlandıran bir rejimin müsəlman xalqın tarixi irsinə qarşı belə münasibət göstərməsi dini ritorikanın arxasında hansı maraqların dayandığını açıq şəkildə nümayiş etdirir.
Tehran hakimiyyətinin bu davranışını sadəcə diplomatik yanlışlıq adlandırmaq hadisənin ağırlığını kiçiltmək olardı. Çünki İranın Azərbaycanla münasibətlərində belə ziddiyyətlər artıq təsadüfi epizod təsiri bağışlamır. Bir tərəfdən rəsmi Tehran müsəlman həmrəyliyindən, qardaşlıqdan, dini yaxınlıqdan danışır, digər tərəfdən Azərbaycanın milli maraqlarına toxunan məsələlərdə tamamilə fərqli mövqe sərgiləyir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndə narahatlıq keçirən, Zəngəzur dəhlizi məsələsində təhdid dili ilə danışan, ölkəmizin regional gücünün artmasını özünün geosiyasi hesablamalarına təhlükə kimi görən dairələrin indi də İrəvandakı Göy məscid üzərindən verdiyi mesajların mahiyyəti aydındır.
Cənub qonşumuz üçün dini şüarlar yalnız siyasi maraqlarına xidmət etdiyi müddətdə əhəmiyyət daşıyır. Molla rejiminin bu riyakarlığı xüsusilə ona görə dözülməzdir ki, İranın özündə milyonlarla azərbaycanlı yaşayır. Onların dilinə, mədəniyyətinə, milli kimliyinə münasibətdə uzun illərdir mövcud olan problemlər ortadadır. Belə bir şəraitdə İran hakimiyyətinin İrəvanda Azərbaycan tarixi ilə bağlılığı olan məsciddə erməni milli simvolikasını ön plana çıxarması ayrıca siyasi mesajdır. Bu, yalnız bir abidənin idarə olunması məsələsi deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşına münasibətin göstəricisidir. Tehran yaxşı bilməlidir ki, Azərbaycan xalqı öz irsinə qarşı nümayiş etdirilən bu cür münasibəti nə unudacaq, nə də adi mədəniyyət tədbiri kimi qəbul edəcək. İranın dini rəhbərliyi və siyasi elitası özünü müsəlman dünyasının mənəvi mərkəzi elan etməklə İslamın həqiqi təmsilçisinə çevrilmir. İslamın adı ilə danışmaq başqa, İslamın ədalət, haqq, əmanətə hörmət və qardaşlıq prinsiplərinə əməl etmək tamam başqa məsələdir. Əgər bir hakimiyyət məscidin tarixi kimliyinə hörmət etmirsə, müsəlman xalqın mədəni irsinə qarşı sayğısızlıq göstərirsə, onun dini iddialarının nə qədər səmimi olduğu ciddi şübhə doğurur. Məscidin divarlarına dini şüarlar yazmaqla, dövlətin adını İslam Respublikası qoymaqla mənəvi legitimlik qazanılmır. Əməllər bütün təbliğatdan daha yüksək səslə danışır.
Burada İran cəmiyyətini, bu ölkənin xalqını və bütün iranlıları Tehran hakimiyyətinin siyasi xətti ilə eyniləşdirmək də doğru olmaz. Etirazın ünvanı məhz dini dəyərləri siyasi hakimiyyətin qorunması üçün istismar edən, qonşu xalqlarla münasibətlərdə ikili standartlardan çıxış edən molla rejimidir. İslamı öz siyasi hakimiyyətinin toxunulmazlıq qalxanına çevirənlər bilməlidirlər ki, heç bir rejim müqəddəs dinin adından istifadə etməklə özünə əbədi bəraət qazandıra bilməz. Dini siyasi maraqların girovuna çevirmək nə İslama xidmət edir, nə də müsəlman xalqlar arasında etimadı gücləndirir.
İran hakimiyyətinin bu addımı Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurmalı, rəsmi Bakı tərəfindən də diqqətlə izlənilməlidir. Göy məscidin tarixi-mədəni kimliyinə hörmət göstərilməsi, onun Azərbaycan xalqının irsi ilə bağlılığının qorunması məsələsi diplomatik gündəmdə öz yerini tapmalıdır. İran tərəfi də anlamalıdır ki, Azərbaycanla münasibətlərdə səmimiyyət iddiası irəli sürən dövlət öz addımları ilə bu iddianı təkzib etməməlidir. İrəvanda Azərbaycanın tarixi abidəsi üzərindən həyata keçirilən bu nümayişçilik dostluq deyil, hörmətsizlikdir. Tehran rejimi bir daha sübut etdi ki, onun üçün dini həmrəylikdən daha vacib olan siyasi hesablamalar, İslam qardaşlığından daha üstün tutulan isə geosiyasi maraqlardır. Bu hakimiyyətin İslam adına danışmaq mənəvi haqqı yoxdur, çünki onun əməlləri ilə söylədikləri arasında uçurum var. Azərbaycanın tarixi irsinə toxunmaqla xalqımızın yaddaşını silə bilməzlər, məscidin divarlarına başqa adlar yazmaqla onun tarixini dəyişə bilməzlər. İranın molla hakimiyyəti gec-tez anlamalıdır ki, dini pərdə arxasında gizlənmək dövrü başa çatır. İslamı siyasi alətə çevirən, qonşu xalqların tarixi yaddaşına hörmətsizlik edən və özünü dini dəyərlərin müdafiəçisi kimi qələmə verən bu rejimin ifşası təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının mənəvi məsuliyyətidir. /Musavat.com/