Yaponiyada qadın evli olduğunu gizlədən və uşağı dünyaya gəldikdən sonra onu tərk edən həkim sevgilisindən 22 milyon yen (təxminən 140 min dollar) təzminat tələb edir.
Bu barədə “Tokyo Reporter” nəşri məlumat yayıb.
Tokioda yaşayan qadının sözlərinə görə, həkimlə münasibətləri 2023-cü ildə başlayıb. Kişi subay olduğunu desə də, qadın hamilə qaldıqdan sonra evli olduğunu etiraf edib.
Həkim həyat yoldaşından boşanaraq onunla ailə quracağına söz verib. Lakin uşaq dünyaya gəldikdən sonra qadınla əlaqəni tamamilə kəsib.
Qadın həmçinin hamiləlik dövründə həkim tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.
Bundan sonra o, Tokio Rayon Məhkəməsinə müraciət edərək aldadıldığını və şəxsi münasibətlərdə sərbəst seçim hüququnun pozulduğunu bildirib.
“Məsələ təkcə onun evli olduğunu gizlətməsi deyil. Yalan vədlərinə, hamiləliyə, uşağın doğulmasına və məruz qaldığım zorakılığa görə məsuliyyət daşımasını istəyirəm”, – deyə qadın açıqlayıb.
O, məhkəmə prosesinin digər qadınları da oxşar aldatma hallarından qorumağa kömək edəcəyini bildirib.
Həkim isə vəkilinin tövsiyəsinə əsasən ittihamları şərh etməkdən imtina edib.
İş üzrə məhkəmə qərarı hələ çıxarılmayıb.