“Beatles” qrupunun üzvü Pol Makkartninin sərvəti bir milyard dolları ötərək təxminən 1,4 milyard dollara çatıb. Bununla da o, dünyanın ən varlı üç musiqiçisindən birinə çevrilib.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Makkartninin əsas gəlir mənbələrindən biri “MPL Communications” şirkətidir. O, həmçinin “The Beatles” tərəfindən yaradılmış “Apple Corps” şirkətinin 25 faizinə sahibdir. Musiqiçi vinil valların satışından, musiqi yayımlarından və müəllif hüquqlarından ildə 50 milyon dollardan çox gəlir əldə edir.
“Forbes”un siyahısında ilk yeri 2,8 milyard dollardan çox sərvətlə reper Cey Zi, ikinci yeri isə təxminən 2 milyard dollar sərvətlə Teylor Svift tutur.