Yaponiyanın populyar “Vivant” teleserialının pərəstişkarları ikinci mövsümün çəkildiyi məkanları görmək üçün Azərbaycana gəlir. “The Japan Times”ın məlumatına görə, yapon turoperatorları bu səfərlər üçün xüsusi turpaketləri satışa çıxarıb. Azərbaycan tərəfi serialın yaratdığı marağı iki ölkə arasında körpü kimi dəyərləndirir.
Oktyabrın sonunda Bakıya gələn 47 yaşlı tokiolu Mayumi Kişi Şirvanşahlar sarayını səfərdən əvvəl serialda görüb. Turist serialı izləyən digər yaponların da Azərbaycana gəlməsini arzuladığını bildirib.
Bakıdakı “Bukinist” kitab mağazası serialda Yaponiya Özünümüdafiə Qüvvələrinin gizli kəşfiyyat bölməsi “Beppan”ın qərargahı kimi göstərilib. Mağaza müdirinin sözlərinə görə, foto və video çəkən yapon ziyarətçilər artıq dükanın gündəlik mənzərəsinə çevrilib.
Serialı istehsal edən TBS telekanalı ilə birlikdə “Hankyu Travel International” şirkəti xüsusi turizm paketi hazırlayıb. Bu ilin noyabrının sonundan gələn ilin oktyabrınadək olan bəzi turlar üçün artıq gözləmə siyahısı yaranıb. Şirkət əlavə yerlər açmağı düşünür.
Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov serialın iki xalq arasında körpü yaratmaq üçün tarixi fürsət olduğunu bildirib. O, daha çox yapon turistin Azərbaycanın tarixi abidələri, memarlığı və mətbəxi ilə tanış olacağına ümid edir.