"Qalatasaray"ın paylaşımına kürdlərdən sərt reaksiya

Türkiyənin “Qalatasaray” futbol klubunun oyunçusu Barış Alper Yılmaz üçün hazırladığı xüsusi kolleksiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qalatasaray”ın “Amedspor”a qalib gəldiyi (4-3) matçdan dərhal sonra rəsmi lisenziyalı məhsul mağazası olan “GS Store”un sosial media hesabında futbolçu Barış Alpər Yılmaz üçün hazırlanmış xüsusi kolleksiyanın tanıtım videosu yayımlanıb.

Videoda əks olunan qablaşdırma dizaynı sosial şəbəkələrdə mübahisələrə yol açıb. Bəzi kürd istifadəçilər və “Amedspor” azarkeşləri sarı torbanı "sarı meyit torbası" (Türkiyədə terrorla mübarizə zamanı zərərsizləşdirilən PKK üzvlərinin daşındığı torbalar) kimi qəbul edib və bunu irqçilik hesab ediblər.

Etirazların artmasından sonra “Qalatasaray” müvafiq videonu sosial media hesablarından silib. Klubun açıqlamasında bildirilib ki, görüntüdəki qablaşdırma yalnız Barış Alpər Yılmazın xüsusi kolleksiyası üçün hazırlanmış məhsul dizaynıdır və heç bir gizli mesaj və ya başqa məna daşımır.

“Amed” rəhbərliyi isə “Qalatasaray” klubu ilə əlaqə saxladıqlarını bildirərək, təxribat xarakterli hesab edilən yanaşmalara qarşı həssaslıqlarını ifadə ediblər.

Hadisədən sonra bəzi kürd azarkeşlər və sosial media istifadəçiləri “Qalatasaray”ı boykot ediblər. Onlardan bəziləri kluba dəstəklərini geri çəkdiklərini açıqlayıblar, "Qalatasaray"ın formasını yandırıblar.