Fransa hökuməti həmkarlar ittifaqları ilə razılaşdı

Fransada minimum əməkhaqqının dekabrın 1-dən 1,6% artırılması qərara alınıb. Nəticədə minimum əməkhaqqı 1 502 avroya çatacaq.

Bunu Fransanın əmək naziri Jan-Pyer Farandu həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

O əlavə edib ki, bu artım nəzərə alınmaqla, Fransada minimum əməkhaqqı ilin əvvəlindən ümumilikdə 5,3% və ya 75 avro artmış olacaq. Farandu yaxın günlərdə həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələrinin iştirakı ilə əməkhaqqına nəzarət komitəsinin iclasını da çağıracağını bildirib.

Danışıqlarda iştirak edən Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur isə müəssisə əməkdaşları üçün yanacaq subsidiyalarının yuxarı həddinin artırılacağını açıqlayıb.

Belə ki, 2025-ci ilədək şirkətlər əməkdaşlarına 300 avroyadək yanacaq əlavəsi ödəyə bilirdilər. ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində yanacaq böhranı başladıqdan sonra bu limit 1 000 avroya çatdırılıb.

“2027-ci ildə də bu ödəniş səviyyəsinin saxlanılmasına imkan verəcək düzəlişi büdcə layihəsinə təklif edəcəyik”, - deyə nazir bildirib.

Fransanın Baş naziri Sebastyan Lekornyu isə əhalinin alıcılıq qabiliyyətini dəstəkləmək üçün hökumətin bütün mövcud imkanlarından istifadə edəcəyini vəd edib.

O, strateji ehtiyatlardan 10 milyon barel dizel yanacağının bazara çıxarıldığını xatırladıb. Baş nazir, həmçinin enerji sahəsində mükafatlar, əlavə iş saatlarının ödənilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və mənfəətdə iştirak payına görə verilən mükafatların vergidən azad edilməsi ilə bağlı qərarların qəbul olunacağını bildirib.

Hökumət bu tədbirləri 2027-ci ilin dövlət büdcəsi layihəsinə düzəlişlər şəklində təqdim etməyi planlaşdırır. Milli Assambleyada (parlamentin aşağı palatası) ilk oxunuşda qəbul edilməyən büdcə layihəsi hazırda Senatda (yuxarı palata) müzakirə olunur.